XİN başçıları: ““Şərq Tərəfdaşlığı” ölkələrinin COVID-19 peyvəndini əldə etməsinə dəstək mexanizmi inkişaf etdirilməlidir”
Avropa İttifaqına (Aİ) üzv 13 ölkənin xarici işlər naziri Avropa Komissiyasını “Şərq Tərəfdaşlığı” ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukrayna) COVID-19 peyvəndlərini əldə etməsinə dəstək verməyə çağırıb.
Aİ-yə üzv 13 ölkənin xarici işlər naziri Avropa Komissiyasına birgə məktub ünvanlayıblar.
Birgə məktubu Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və İsveç XİN başçıları imzalayıb.
“Hesab edirik ki, Aİ mövcud təşəbbüslərdən kənara çıxmalı və Aİ üçün vacib olan qonşularına – “Şərq Tərəfdaşlığı” ölkələrinə onların istədiyi təqdirdə oxşar diqqət və dəstəyi verməlidir. “Şərq Tərəfdaşlığı” ölkələri dəfələrlə Aİ-yə COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi köməyə görə minnətdarlıqlarını bildiriblər və peyvəndin daha asan bir şəkildə əldə olunması üçün dəstək verilməsini xahiş ediblər”, – deyə məktubda qeyd olunub.
XİN başçıları Avropa Komissiyanı 2021-ci ilin birinci yarısında planlaşdırılan “Şərq Tərəfdaşlığı” Zirvəsi kontekstində dəstək mexanizmini sürətlə inkişaf etdirməyə çağırıblar.
“Qədim Avropa”dan heç bir ölkə, o cümlədən Aİ-nin əsasını qoyan ölkələr və Aİ Şurasına prezidentlik edən Portuqaliya bu məktuba qoşulmayıb.