Xəzərdə suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək
Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək.
Bu, almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmasında əksini tapıb.
Bildirilib ki, bu öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək.
Almaniyanın Gissen və Bremen universitetlərinin alimləri Hollandiyanın Utrext Universitetinin Geologiya Departamentinin geoloqu Frank Vesselinqlə birgə 21-ci əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdıran model yaradıblar.
Tədqiqatçıların hesablamalarına görə, yaxın onilliklərdə azalma sürətlənəcək, 2100-cü ilə qədər Xəzərin səviyyəsi 9-18 metr enəcək və onun hövzəsinin sahəsi də 23-34 faiz azalacaq: “Müqayisə üçün bildirək ki, Şimal dənizinin səviyyəsi iki-üç metr aşağı düşərsə, Rotterdam, Hamburq və London kimi limanlara giriş çətin olacaq. Balıqçılıq və yükdaşıma gəmilərinə problem yaranacaq, habelə regiondakı bütün ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Burda isə biz ən yaxşı halda ən azı 9 metr enmədən danışırıq”.
Qeyd olunub ki, ən pis halda isə dənizin səviyyəsi 18 metr enəcək və Xəzər dənizi sahəsinin üçdə birindən çoxunu itirəcək.
Alimlər bildirirlər ki, Xəzər dənizi kimi su hövzələrinin səviyyəsi bir tərəfdən yağış və axıntı, digər tərəfdən isə göl səthindəki buxarlanma arasındakı həssas tarazlıqla müəyyən edilir: “Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini buxarlanmanın artması və qışda dəniz buzunun yoxa çıxması ilə izah edirlər. Bu proses Aralıq dənizi-Orta Asiya regionunda quraqlığın artması ilə əlaqələndirilir”.
Tədqiqat işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək problemləri də müəyyənləşdiriblər: “Bu, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar, beluqa və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək”.
Alimlərin fikrinə görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər.
Tədqiqatçılar təcili və koordinasiyalı fəaliyyətə ehtiyac olduğunu vurğulayıblar.