Türkiyə Prezidenti: “Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək”
“Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
“Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur”, – deyə dövlət başçısı vurğulayıb.