Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır
Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq.
Bu barədə “Türkiyə Dövlət Dəmir Yolları” Nəqliyyat Anonim Şirkəti məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, 42 konteyner soyuducu daşıyacaq qatar Marmaray, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edəcək. Daha sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan və Çinin Sian şəhərinə qədər olan 8 693 kilometr yol qət edəcək və Çinə 12 günə çatacaq.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.