Tuqay Bağırov: “Azərbaycana qeyd-şərtsiz dəstək rəsmi Pekinin hər növ seperatizm meyillərini rədd etməsindən irəli gəlir” – Çində təhsil
Son zamanlar Çində təhsil alan gənclərimizin sayı durmadan artır. Bu müstəvidə Çin dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında tələbələrimiz dünyanın ən nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Iqtisadchi.az olaraq Çində təhsilin şərtləri barədə araşdırma apardıq. Mövzu barədə daha ətraflı müsahibimiz, Uzaq Şərq ölkələri üzrə regionşünas, Beynəlxalq Çin dili müəllimi Tuqay Bağırovla danışdıq.
Mövzu: Çində təhsilin önəmi. Çin-Azərbaycan münasibətləri.
- Çin hazırda iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş dövlətinə çevrilir. Çində təhsil almaq nəyə görə önəmlidir və bunun üstünlükləri?
- Artıq sirr deyil ki, Çin dünya iqtisadiyyatında əhəmiyyətli yer tutur və iqtisadiyyatı böyüməkdədir. Bununla da, ölkədə ixtisaslı kadrlara və böyük işçi qüvvəsinə ehtiyac duyulur. Uzaq Şərq ölkəsi son 30 ildə ən sürətlə böyüyən iqtisadiyyata malikdir. Dünyanın ən yaxşı 500 şirkəti arasında Çin korporativlərinin təmsilçiliyi sürətlənir. Bir çoxları Hong Kong və Şanxayda öz şirkətlərini Asiya-Sakit okean bazarına çıxarmaq üçün çalışır. İşgüzar tələbələr üçün nüfuzlu şirkətlərlə işləmək üçün çoxsaylı imkanlar vardır. Bundan başqa dünyada digər böyük şirkətlərin “outsorcing” xidmətləri buradan həyata keçirilir. Çin universitetləri buna uyğun olaraq ixtisaslaşıb. 80-dən çox şəhərdə, 300-dən çox universitetdə, 20 mindən artıq kurs seçimi var. Çin universitetləri dünya reytinqində sürətlə ön sıralara qalxır. Mühəndislik, elm, tibb, iqtisadiyyat və ticarət sahəsində ixtisaslaşan tələbələr Pekin Universiteti, Şanxay Ciao Tong Universiteti və Çin Elm və Texnologiya Universiteti kimi seçim imkanları tapa bilərlər. Tələb olunan ixtisas səviyyələri və onların qlobal nüfuzu baxımından, Çin höküməti ABŞ, İngiltərə, Fransa və Yaponiya daxil olmaqla bir sıra ölkələrlə akademik nailiyyətlərin qarşılıqlı tanınması haqqında razılığa gəlib.
- Çində təhsil almaq üçün əsas şərtlər hansılardır? Çin dilini öyrənmək vacibdirmi?
- Çin universitetlərində seçim çoxdur və dərslər bir çox dillərdə keçirilir. Buna rəğmən ölkənin yerli dilini bilmək vacibdir. Çin dilini bilmək özü ilə birlikdə iş imkanları gətirir. Bundan başqa, bakalavrı Çin dilində oxumaq istəyən tələbələrə əlavə bir il Çin dili kursu olur. İngilis dilində keçirilən kurslarda da tələbələrə pulsuz dərslər təklif edilir. Müraciət edən tələbələrin öz ölkələrindəki akademik nailiyyətləri, beynəlxalq müsabiqələrdə iştirakı, təhsil alacağı dildə dil biliyi səviyyəsi əsas götürülür.
- Çində yerli dili bilən xarici tələbələr üçün təqaüdlər verilirmi? Onları necə əldə etmək olar?
- Çin hökuməti xarici iqtisadi proqramları həyata keçirmək və dünyada nüfuzunu artırmaq üçün planlar hazırlayır. Nəticədə, Çində təhsil alan bütün beynəlxalq tələbələr ölkədəki xarici şirkətlərdə işləmək fürsəti əldə edir. Dediyim kimi, əsas meyarlar müraciət edən tələbələrin öz ölkələrindəki akademik nailiyyətləri, beynəlxalq müsabiqələrdə iştirakı, təhsil alacağı dildə bilik səviyyəsidir. “Alibaba”, “Huawei”, “Lenovo”, “SinoTech” və digər Çin şirkətləri burada təhsil almaq üçün şagirdlərə və ya işçilərə sponsorluq edirlər, amma, bu tip təqaüdlər həmişə olmur. Çində təhsil almaq üçün azərbaycanlı tələbələrin müraciət edə biləcəyi “Hökümətlərarası Təqaüd Proqramı”, “Konfutsi Təqaüdü”, “Şəhər Stipendiyaları” və universitetlərin stipendiya proqramları daxildir. Təqaüdlərin hər birində xərcləri “Hökümətlərarası Təqaüd Proqramı” çərçivəsində Çin dövləti qarşılayır və müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilir. Bu proqramla bakalavr və magistr təhsili almaq mümkündür. “Konfutsi təqaüdü”nü həmin universitetdə oxuyan tələbələr üçün müəssisə özü qarşılayır. Konfutsi təqaüdü Çin dili ixtisası üzrə Çin universitetlərində bakalavr və magistr dərəcəsini, bundan əlavə Çin dili tədrisi kurslarının xərclərini təmin edir. Təqaüdlü təhsilə yaşayış xərcləri, tibbi sığorta və digər xərclər də daxil edilir. “Hökümətlərarası Təqaüd” çərçivəsində gediş-gəliş xərcləri də ödənir. Müraciət etmək istəyən tələbə mütləq seçdiyi universitet və təqaüd proqramını öz akademik fəaliyyəti və məqsədinə uyğun olaraq ətraflı araşdırmalıdır. Qeydiyyat pandemiya şəraitində onlayn olur.
- Çində azərbaycanlılara qarşı münasibət necədir?
- Azərbaycan haqqında əsas təsəvvür belədir. Bizi Qafqaz xalqlarından biri kimi görüb, zəngin mədəniyyətə sahib olduğumuzu bilirlər. Əlavə olaraq qeyd edə bilərəm ki, müharibə zamanı bir çox dövlətlər kimi Çin də hər zaman Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycana qeyd-şərtsiz dəstək rəsmi Pekinin hər növ seperatizm meyillərini rədd etməsindən irəli gəlir.