TANAP “İlin layihəsi” mükafatına layiq görülüb!
Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edilib. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı “İlin layihəsi” kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq görüb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi ABŞ-da yerləşən PMI tərəfindən “İlin layihəsi” kateqoriyasında mükafata layiq görüldü. TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə “İlin layihəsi” elan olunmuşdu.
Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 mln. peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.
Qeyd edək ki, TANAP – Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər dənizində Azərbaycana aid “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 km olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.
Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılıb.