Qlobal neft tələbatının bərpa prosesi ən az 3 il çəkəcək
COVID-19 epidemiyası fonunda qlobal xam neft tələbatının bərpa prosesi üçün ən az 3 il vaxt lazımdır. Əgər pandemiya daha uzun müddətdə nəzarət altına alınarsa, neft tələbatının COVID-19-dan əvvəlki səviyyəyə qayıtması 2027-ci ildə mümkün olacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ildə qlobal enerji tələbatı 5 faiz azalacaq, neft tələbatındakı geriləmə isə 8 faizə çatacaq. Yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ölkələr tərəfindən tətbiq olunan səyahət məhdudiyyətləri, xüsusilə müxtəlif karantin qaydaları tələbatın azalmasında təsirli olacaq. Beləliklə də, keçən il gündəlik təxminən 98 milyon barrel olan qlobal neft tələbatı bu ilin sonuna qədər sutkada 89,6 milyon barrelə düşəcək.
Əgər COVID-19 epidemiyası 2021-ci ildə nəzarət altına alınarsa, həmin il qlobal neft tələbatı gündəlik 94,5 milyon barrelə yüksələcək. Neft tələbatının COVID-19-dan əvvəlki səviyyəyə qayıtması isə yalnız 2023-cü ildə baş verəcək və bu dövrdə sutkalıq tələbat 98 milyon barrelə qədər artacaq.
Neft tələbatı 2025-ci ildə sutkada 100 milyon barrelə, 2030-cu ildə 103,2 milyon barrelə çatacaq, lakin bu göstərici 2040-cı ilədək sabit şəkildə qalacaq. 2040-cı ildə qlobal neft tələbatının gündəlik 104 milyon barrelə çatacağı gözlənilir.
Digər tərəfdən, epidemiyanın nəzarət altına alınması daha uzun vaxt çəkərsə və iqtisadi bərpa prosesi 2023-cü ilə qalarsa, o zaman qlobal neft tələbatı yalnız 2027-ci ildə gündəlik 98 milyon barrel səviyyəsinə çataraq COVID-19-dan əvvəlki səviyyəyə qayıdacaq. Bu ssenari üzrə qlobal neft tələbatı 2040-cı ildə sutkada 99,7 milyon barrelə yüksələcək.
Lakin tələbata təsir edəcək bir çox amil var. COVID-19-dan sonrakı dövrdə avtomobil satışlarındakı yavaşlama, beynəlxalq daşımalarda avtomobil nəqliyyatının azalması, elektrikli nəqliyyatın geniş yayılması, enerji istehlakı üzrə vərdişlərdəki dəyişiklik, səyahətlərdəki azalma və videokonfranslarla iclasların keçirilməsindəki artım, hava yolundan istifadəsinin azalması, zəif iqtisadi böyümə səbəbindən neft-kimya sektorundakı azalma və enerji səmərəliliyi investisiyalarının artması neft tələbatının aşağı səviyyələrdə qalmasında təsirli olacaq.
İctimai nəqliyyat vasitələrindən istifadədəki istəksizlik, SUV model avtomobillərin satışlarında artım tempinin davam etməsi, aşağı neft qiymətləri, emissiyaların azaldılmasına dair müraciət və qərarların təxirə salınması, birdəfəlik istifadə edilən plastik və qablaşdırma materiallarının istifadəsindəki artım isə neftə olan tələbatda əhəmiyyətli rol oynayacaq.
Neft tələbatı, xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi artımın ən vacib göstəricilərindən biri kimi qəbul edilir.