Qızıllarımız bu cür talandı… Erməni diasporası, beynəlxalq şirkətlər və havadarları
Sübuta ehtiyac yoxdur. Ermənistan artıq 30 ilə yaxındır işğal altında olan Azərbaycan ərazilərində təbii sərvətləri talan edir. Bu bir reallıqdır ki, hüquqi, iqtisadi və siyasi normaların qorunmadığı, qondarma rejimin hökm sürdüyü yerdə sərvətlərin qeyri-qanuni mənimsənilməsi asanlaşır.
Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları erməni işğalı altında olan ərazilərdə yerləşir. Bura iqtisadi potensial üçün əhəmiyyətli olan 155
Həmin yataqlarımıza Ağdərədə 13.6 ton qızıl ehtiyatı olan Qızılbulaq və Canyataq-Gülyataq, Kəlbəcərdə yerləşən və Avropanın ən çox qızıl ehtiyatı olan yataqları Söyüdlü, Ağduzdağ və Tuthun qızıl mədənlərini daxildir. Bu mədənlər artıq 30 ilə yaxındır istismar edilir.
Qarabağda yerləşən qızıl yataqları
(mənbə: Ekologiya və Təbii Sərvətlər Nazirliyi)
- Qızılbulaq yatağı – 13.6 ton qızıl, 47.9 milyon ton mis (Ağdərə)
- Canyataq-Gülyataq yatağı – məlum deyil (Ağdərə)
- Söyüdlü (Zod) yatağı – 112.5 ton qızıl (Kəlbəcər)
- Ağduzdağ yatağı – 13 ton üzəri (Kəlbəcər)
- Tuthun yatağı – 13 ton üzəri (Kəlbəcər)
I Hissə: Qızıl istismarına başlanması!
1992-1994-cü illərdə Qarabağın azərbaycanlı əhalisi vəhşicəsinə və zor gücü ilə öz torpaqlarından didərgin salındı. Kəlbəcər və Ağdərədə azərbaycanlıların etnik cəhətdən üstünlüyü bu ərazilərdəki qazıntı yataqlarının istismarını çətinləşdirə bilərdi. Elə ona görə də, terrorçu Ermənistan dövləti xaricdəki erməni diasporunun təzyiqi ilə təbii sərvətlərlə zəngin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsinə başladı. 1993-cü il aprel-iyul aylarında Kəlbəcər və Ağdərə rayonları işğal olunaraq tamamilə azərbaycanlılardan təmizləndi. Hazırda bu məntəqlərdə yaşayışın olmamasının səbəbi Azərbaycanın təbii sərvətlərinin sənaye məqsədli layihələrlə qeyri-qanuni mənimsənilməsidir.
Infrasktruktur layihələrin xronoloji ardıcıllığı, əslində məsələni tam olaraq izah edir. Belə ki, işğalçı qüvvələrin tez bir zamanda yerli separatçılarla birgə qazıntı işləri aparması üçün ilkin mərhələdə 20 milyard erməni dramı, yəni 4.2 milyard dollar məbləğində investisiya ayrıldı. İnvestiyanın əsas mənbəyi işğalda maraqlı olan tərəflərin kimlər olduğunu tam şəkildə ortaya qoyur. Ən böyük investorlardan biri qondarma rejimə xaricdən dəstək göstərən əsas qurumlardan biri “All Armenian Fund” idi. Fondun əsasını 1994-cü ildə Los-Ancelesdə erməni iş adamı Ara Vardanyan qoyub. Əsasən ABŞ-da yaşayan erməni iş adamlarının maliyyə dəstəyi ilə quruan cəmiyyətin əsas məqsədi Qarabağdakı təbii sərvətlərin istismarı və buradan gələn gəlirin bölüşdürülməsi idi. Fond sonralar Dağlıq Qarabağ ermənilərinin baş verənlərə göz yumması və mümkün etirazların qarşısını almaq məqsədilə qondarma rejimə 251 milyon dollar yardım edib. Bu yardımın əsas hissəsini “Qarabağ erməniləri” kimi tanınan hakim qrup mənimsəyib. Kiçik bir hissəsi isə Xankəndi və Şuşada qeyri-leqal turist cəlbi üçün yeni tikililərə və layihələrə sərf edilir.
Qeyd edək ki, 1992-ci ildə Qarabağ müharibəsinin başlaması səbəbindən rəsmi Bakının qərarı ilə Kəlbəcər və Ağdərədə yerləşən qazıntı yataqlarının istismarı dayandırılıb. Buna baxmayaraq, 1996-cı ildə erməni diasporunun dəstəyi ilə ABŞ-dan olan bir qrup ekspert həmin yataqların dəyənləndirilməsi üçün bölgəyə göndərilib. İlkin araşdırmalar nəticəsində işğal altında olan Söyüdlü yatağında 40 tondan çox qızılın aşkar edilməsi qiymətli metal emalıyla məşğul olan bir sıra beynəlxalq şirkətlərin diqqətini özünə çəkib.
II hissə: Xarici şirkətlərin cəlbi
1997-ci ildə Ermənsitan Sənaye və Ticarət Nazirliyi beynəlxalq hüquq normalarına zidd olaraq Söyüdlü yatağının istismarı üçün Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti ilə müqavilə imzaladı. Amma burada diqqət çəkən bir məqam var idi. Şirkət Markus Rudolf adlı milyarderin təsis etdiyi “Sterility Gold LTD” korporasiyasının tərkibində formalaşdırılmışdı. Yəni, şirkət Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün rəsmi Bakından icazə almalı idi. Amma FDM vergidən və sərvətin bölüşdürülməsindən yayınmaq üçün Qondarma rejimlə iş birliyində maraqlı oldu.
Daha sonralar Azərbaycanın beynəlxalq müstəvidə təzyiqinə davam gətirmək üçün sözügedən şirkət 1998-ci ildə Ermənistan hökumətinə məxsus olan “Ararat Gold Recovery Company”nin (AGRC) səhmlərinin 50 faizini satın alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ilkin mərhələdə Kanada şirkəti işğal olunmuş ərazilərdəki mədənçilik sektoruna 12 milyon dollar yatırım edib. Daha sonralar kəmiyyət hesablamalarına görə, bu rəqəm təxminən 22.1 milyon dollara yüksəlib. Təkcə ərazidə geoloji kəşfiyyatın aparılması üçün 4 milyon dollardan çox pul xərclənib. Lazımlı investisiyanın cəlbindən sonra şirkət Söyüdlü mədəninin istismarına başlayıb.
Söyüdlü yatağının ümumi qızıl ehtiyatı 12 milyon unsiya həcmində qiymətləndirilir. Kanada şirkəti bu müddət ərzində rəsmi hesabatlarında nə qədər gizlətməyə çalışsa da, ABŞ mediasına sızdırılan xəbərlərə görə, korporasiya işğal altında olan Azərbaycan yataqlarından təxminən 16 ton qızıl çıxarıb. Yalnız 2003 və 2004-cü illərdə “FDM” 4.5 ton xalis qızıl əldə edib.
2007-ci ildə rus iş adamı Vladimir Kozlova məxsus “GeoProMining” şirkəti AGRC-nin səhmlərinin 50 faizini almaqla qeyri-qanuni qızıl istismarının iştirakçısına çevrilib. Mədən infrastrukturuna əlavə olaraq 100 milyon dollar yatırım edən rus şirkəti Söyüdlü, eyni zamanda digər qızıl yataqlarının istismar gücünü artırıb. Son hesablamalar onu göstərir ki, illik olaraq Söyüdlü yatağından ehtitayların ortalama 8.6 faizi dəyərində qızıl çıxarılır. Bu, ötən əsrin sonlarına nisbətdə 6.2 faiz çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda bu yataqlardakı ehtiyatın tükənməsi təhlükəsinin olduğunu istisna etmir.
III hissə: İnfrastrukturun qurulması, sərvətlərin daşınması.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başqa bir məlumatına əsasən, işğal altında olan Azərbaycan ərazilərində sərvətlərin talanması üçün 30-dan çox şirkət yaradılıb. Bu müstəvidə infrastrukturun qurulması və digər yataqların mənimsənilməsində təkcə xarici deyil, erməni şirkətlərinin də payı var. Belə ki, Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən Drmbon mis və qızıl yatağının kəşviyyatı, eyni zamanda istismarı məqsədi ilə 2002-ci ilin avqustunda ermənilərin “VALLEX Group ” şirkəti nəzdində “Base Metals” adlı korporativ yaradılıb. Burada diqqəti çəkən məqam “VALLEX group”un Irəvanda, “Base Metals”in isə şirkət kimi qondarma rejimdə qeydiyyatdan keçirilməsidir. Layihə “Armenian Copper Programme” çərçivəsində həyata keçirilib. Bu şirkətin səhmləri isə mərkəzi Lixtenşteyndə olan “VALLEX FM Establishment” və mərkəzi İsveçrədə olan “Elecom” korporasiyası arasında bölüşdürülüb. Bu illər ərzində işğal altında olan Dağlıq Qarabağ bölgəsində ən böyük istehsalçı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodu 13 aya “Base Metals”ın yatırımları ilə inşa edilib. Zavodda ilkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə şirkət ildə 400 min ton filiz emal edib. Nəticədə, Drmbon yatağında aparılan fasiləsiz hasilat ehtiyatların tükənməsinə gətirib çıxarıb. Bu istehsal həcminə də təsir göstərib. Qısa müddət ərzində filiz emalının həcmi aylıq 30 min tondan 10,6 min tona qədər azalıb.
Təbii sərvətlərin çıxarılması və daşınmasının asanlaşdırılması üçün şirkət İsveçrə istehsalı olan 4 qazma avadanlığı alsa da, filiz və digər sərvətlərin emalı üçün yeni infrastruktura ehtiyac yaranıb. “VALLEX Group” beynəlxalq hüquq normalarını pozaraq 2012-ci ildə yenidən qondarma rejimlə “Qarabağda mədən və sənaye fəaliyyətinin təşkili” haqqında müqavilə imzalayıb. Bununla da, əlavə olaraq, 80 milyon dollar sərmaye cəlb edilib. Nəticə etibarı ilə, layihələrin ümumi dəyəri 136 milyon dollara yüksəlib.
2013-cü il mayın 1-dən “Base Metals” şirkətinin iqtisadi göstəriciləri yenidən yüksəlib və həmin ilin iyununda 3 milyon dollar dəyərində məhsul istehsal edilib ki, bunun da 55 min tonu kaşen filizinin payına düşür. Qeyd edək ki, Kaşen filizinin bazar dəyəri hazırda 27 dollar üzərindədir.
Sonralar yatağın aylıq 60 min ton sabit emal həcmi proqnozlaşdırılıb ki, bu da Drmbon dağ-mədən zavodunun maksimum istehsal imkanına bərabər olub. Qeyd edək ki, Heyvalıda yerləşən Drmbon dağ-mədən zavodu ağır sənaye seqmentinə aid edilir və Dağlıq Qarabağda xarici investisiya əsasında qurulmuş ən uğurlu müəssisələrdən biri hesab olunur. “Base Metals” şirkəti hazırda da qondarma rejimin ən böyük vergi ödəyicisi və separatçıların əsas gəlir mənbəyidir.
İstehsal edilən konsentrat Kəlbəcərdə yerləşən Alaverdi zənginləşdirici metallurgiya zavoduna göndərilir və orada emal olunduqdan sonra tərkibindəki mis Avropa bazarlarına çıxarılır. Məhz buradan gələn gəlirlə şirkət qondarma rejimə müntəzəm olaraq maliyyə dəstəyi göstərir. Zamanla Qarabağda işçi resurlarının artırılması üçün Ermənistanda yaşayan mədənçilər Kəlbəcər və Ağdərəyə köçürülüb. 1200 nəfərə çatdırılan zavodun işçi heyəti gündı 24 saat olmaqla, 4 növbəli iş rejimində fasiləsiz olaraq işləyirlər.
2008-ci ildə Xocalı aereportunun bərpasına başlanılır. Əsas məqsəd emal olunan metal və qızılın logistika xərclərini azaltmaq idi. Argentinadan olan erməni əsilli Eduardo Eurnekyan hava limanının bərpası üçün xüsusi canfəşanlıq göstərib. Rəsmi Bakı Xocalı hava limanının fəaliyyətinin bərpa olunacağı təqdirdə oradan qalxacaq təyyarələri vuracağı ilə bağlı bəyanat verdikdən sonra ermənilər hava yolu ilə sərvətlərin daşınması fikrindən imtina edib. Hazırda işğal altında olan və talanan yataqlardan çıxarılan metal və dəmir filizi emaldan sonra bərpa edilmiş 116 kilometr uzunluğundakı Vardenis-Ağdərə magistral yolu ilə Ermənistana daşınır və onların şəxsi sərvəti kimi ixrac olunur. Təəssüf ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün pozulması fonunda reallaşdırılıb. Bütün bunlara baxmayaraq, 2014-cü ildə “All Armenian Fund”ın 30 milyon dollar yatırdığı bu yol artıq şanlı Azərbaycan Ordusunun nəzarəti altındadır.
IV mərhələ: Hazırki vəziyyət.
Bəli, faktlar hər nə qədər acı və ədalətsiz olsa da, qondarma və qanunsuz rejimin hökm sürdüyü ərazilərdə bu əməllər qaçınılmazdır. Rəsmi Yerəvan Azərbaycanın sərvətlərini rahat talamaq və gələcəkdə özünü bütün bu əməllərin iştirakçısı kimi göstərməmək üçün qondarma rejimi tanımır. Amma Talançı və terrorçular məsuliyyətdən yan keçə bilməyəcək. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycanın Müzəffər Ordusunun işğal altında olan əraziləri azad etməsi erməniləri qorxuya salıb. Azərbaycan ordusunu Qarabağda apardığı uğurlu əməliyyatlar artıq “GeoProMining” şirkətini də ciddi təhlükə qarşısında qoyub. Uzun illərdir Azərbaycanın təbii sərvətləriminin talanması ilə məşğul olan şirkətin istiqrazları beynəlxalq maliyyə bazarlarında riskli aktivlər kimi dəyərləndirilir. Şirkət investisiya cəlbində ciddi problemlərlə üzləşib. Belə ki, buraxılan 300 milyon dollarlıq qiymətli kağızlar Ermənistandakı aktivlərin yüksək riskliliyi səbəbdən mənfi reytinqlə qiymətləndirilib. Şirkət artıq maliyyə böhranının astanasındadır.
Əslində bütün bunlar hələ başlanğıcdır. İşğal altında olan Azərbaycan əraziləri azad edildikdən sonra yeraltı və yerüstü sərvətlər yenidən dəyərləndiriləcək və yeni infrastruktur layihələri reallaşdırılacaq. Qızıl, mis və digər qiymətli metalların emalını isə əsl sahibi – Azərbaycan reallaşdıracaq!
“Iqtisadchi.az”la qalın!