Qarabağın Azərbaycanlı İcması: İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında müraciət edib.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışmışdır. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə böyük nüfuza malik dövlətlər sırasına daxil olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnmiş şanlı qələbəmizin əldə edilməsindəki roluna və vətənimizin tərəqqisi naminə misilsiz xidmətlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini arzu edirik.
Xalq-Prezident-Ordu birliyindən irəli gələn dövlətimizin gücünə 44 günlük Vətən müharibəsi dövründə bütün dünya şahid oldu. Bu dönəm ərzində Prezident cənab İlham Əliyev qalib ordunun müzəffər Ali Baş Komandanı kimi döyüş meydanında uğurlu hərbi əməliyyata rəhbərlik etdi, mahir diplomat kimi Azərbaycan xalqının haqlı mövqeyini beynəlxalq təzyiqlərə rəğmən uğurla müdafiə etdi və informasiya müharibəsində yorulmadan mübarizə aparıb düşmənlərimizin qarayaxma kampaniyalarını qətiyyətlə ifşa etdi.
Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılmış müzəffər Ali Baş Komandan xalqın qəlbində artıq Azərbaycanın Milli Qəhrəmanına çevrilib. Bu adın cənab Prezidentə rəsmi şəkildə təqdim edilməsini ürəkdən arzu edirik”.
Qeyd edək ki, müraciəti Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri imzalayıblar.