Putin: “Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur”
“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, enerji dəhlizlərinin yaradılmasına, nəqliyyata və digər məsələlərə töhfə verə bilər. Yəni, bu hər kəsin xeyrinə olar”.
Bunu bu gün Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.
O bildirib ki, birgə səylərin göstərilməsi üçün böyük potensial mövcuddur: “Çoxtərəfli yanaşma müsbət nəticələr verir. Nümunə olaraq Astana platformasını göstərmək olar. Rusiya Suriyada vəziyyətin stabilləşməsi üçün Türkiyə və İranla birlikdə səylər göstərib. Suriyada siyasi dialoqun qurulması üçün səylər göstərmişik”.
V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub: “Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl icra olunur. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.