Prezident İlham Əliyev: “Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub”
“1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artıb. Müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir”.
Bu fikirləri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində səsləndirib.
Dövlətimizin başçısı müraciətində qeyd edib ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.
COVID-19 pandemiyasının ikinci ilinin bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu vurğulayaraq deyib: “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.