“Odlar Yurdu” Gənclər İctimai Birliyində “Qarabağ Ofisi” təsis edilib.
Qurumdan “Iqtisadchi.az”a bildirilib ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərini işğaldan azad edib. Azərbaycanın şanlı tarixinə 10 noyabr 2020-ci il qızıl hərflərlə həkk olundu. Beləki 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə gənclərin inkişafına, asudə vaxtlarının təşkilinə, gənclərlə səmərəli işin qurulmasına xidmət etmək məqsədilə rəhbəri olduğu “Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Qarabağ ofisi” təsis olunub.
“Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi “Necə ki torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”. Biz də ölkənin ictimai, siyasi həyatında fəal iştirak edən, gənclər siyasətinin icrasında aktiv təmsil olunan gənclər təşkilatı olaraq azad edilmiş ərazilərimizdə də gənclərlə işin səmərəli təşkilinə töhfə vermək niyyətindəyik. Qarabağ ofisimizdə gələcəkdə burada məskunlaşacaq gənclərin sosial və ictimai fəaliyyətini təşkil etməklə, onların fərdi inkişafına, karyerasının formalaşmasına və asudə vaxtlarının təşkilinə xidmət edəcəyik” deyə sədr bildirib.
Hal hazırda “Qarabağ Ofisi”ndə gələcəkdə işğaldan azad olunmuş ərazilərdə yaşayacaq gənclərin qeydiyyatı aparılır. Yaxın zamanda onların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlərin keçirilməsinə başlanılacaq. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunan kimi ofis fəaliyyətini Qarabağda davam etdirəcək.