Korotçenko: “Dumanın yeni tərkibi Xocalı faciəsinin soyqırım aktı kimi qəbul edilməsi təşəbbüsü ilə çıxış edə bilər”
“Elə cinayətlər var ki, onları bağışlamaq və unutmaq mümkün deyil. Xocalı faciəsi məhz bu cinayətlərdəndir.
Bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.
İ. Korotçenko deyib ki, Xocalıda müharibə zonasını tərk etməyə məcbur olan tamamilə dinc sakinləri, qaçqınları, qocaları, qadınları, uşaqları, bir sözlə günahsız insanlar nümunəsi olmayan qəddarlıqla və məqsədli şəkildə qətlə yetiriblər: “Bu əməllərə görə cəza mütləq lazımdır. Bu cəza ona görə lazımdır ki, belə vəhşi cinayətlər nə bizim həyatımızda, nə də gələcək nəsillərin həyatında bir daha təkrarlanmasın”.
O, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq tribunalın yaradılmasının vacibliyini vurğulayıb: “Təəssüflər olsun ki, biz ikinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən törədilən vəhşilikləri də gördük. Müharibə zonasından yüzkilometrlərlə uzaqda yerləşən Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi də Xocalı faciəsi kimi çirkin, insanlıqdan kənar addım idi. Bu mənada beynəlxalq ictimaiyyət üçün, Rusiya və digər ölkələrin vətəndaşları üçün sözsüz ki, Xocalı faciəsinin sənədləri və təfərrüatları maksimal dərəcədə əlçatan olmalıdır. Bir sıra beynəlxalq hüquqşünaslar tam əsasla Xocalıda baş verənləri soyqırım aktı kimi tövsif edirlər. Aydındır ki, beynəlxalq və nüfuzlu təşkilatların tribunalarından bu faciənin soyqırım aktı kimi qəbul edilməsi çox vacibdir. İstisna etmirəm ki, Dövlət Dumasının yeni tərkibi, bildiyiniz kimi qanunverici hakimiyyətin ali orqanına Rusiyada seçkilər sentyabrda keçiriləcək, Rusiya parlamentinin Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu faciənin detallarının və əsas cinayətkarlarının müəyyən edilməsi çox vacibdir. Ermənistan tərəfindən kimin bu siyasi qərarı verdiyini, kimin bu cinayətkar əmri icra etdiyini, kimin bu vəhşi cinayəti törətdiyini müəyyən etmək lazımdır. Müvafiq olaraq bu sənədlər ictimaiyyətə açıqlanmalıdır. Avropanın müvafiq strukturlarından tələb olunmalıdır ki, söz və mühakimələrlə yanaşı cəzanın konkret hüquqi mexanizmləri işə düşsün. Xocalıda soyqırımı aktını törədən hərbi cinayətkarlar cəzalarını almalıdırlar. Necə ki, keçmiş Yuqoslaviyada məlum hadisələr zamanı eyni ilə dinc sakinlərin kütləvi qətllərinə görə cəzalar verilmişdi. Çox vacibdir ki, XXI əsrdə heç yerdə bu cür cinayətlər təkrarlanmasın. Bunun üçün isə bir daha təkrar edirəm ki, ədalətli cəza lazımdır. Cəzanın qaçılmazlığı və gec-tez cinayətkarların törədilmiş cinayətlərə görə məsuliyyət daşıyacağını başa düşməsi bu cür cinayətlərin təkrarlanmaması üçün ən çəkindirici amil olacaq”.
İ. Korotçenko insanlığa qarşı törədilmiş cinayətlərin zaman müddətinin olmadığını vurğulayıb: “Bu, o deməkdir ki, deyilən cinayətə görə cinayətkar müəyyən olunub, saxlanılıb və məhkəməyə verilibsə, nə yaş, nə də ki digər vəziyyətlər onun bu cəzadan yayınmasına səbəb ola bilməz. Hesab edirəm ki, Xocalı cinayətini törədənlər İnterpoll və cinayətkarların axtarışı ilə məşğul olan digər beynəlxalq təşkilatların xətti ilə axtarışa verilməlidir, onlar dərhal saxlanılmalı və məhkəməyə çıxarılmalıdırlar.
Bu gün bu kədərli gündə demək istəyirəm ki, Rusiya ictimaiyyəti və ekspert cəmiyyəti bu tarixi xatırlayır, azərbaycanlı dostlarla, onların qiymətləndirmələri ilə həmrəydir. Düşünürəm ki, nə Azərbaycan tarixində, nə də dünya tarixində bir daha bu cür faciələrin baş verməməsi üçün Xocalı soyqırımı və bu faciənin qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq”.