“İş Proseslərinin Gələcəyi Rəqəmsal Transformasiya” adlı tədbir baş tutub.
Tədbirdə iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrildiyi haqda məlumatlar paylaşılıb.
Iqtisadchi.az xəbər verir ki, ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülmüşdür. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.
Azərbaycanın ASK “Menecment Komissiyasının”, “Your Personal Consultant” MMC və Türkiyənin “DDTECH şirkətlərinin birgə təşkilatçılığı ilə 08 fevral 2022-ci il tarixində Bakı Biznes Mərkəzində “İş Proseslərinin Gələcəyi Rəqəmsal Transformasiya” adlı tədbir baş tutub. Tədbirdə rəqəmsallaşma, “Ağıllı Şəhər” (Smart City), “Ağıllı Kənd” (Smart Village), AR-GE fəaliyyətləri, “Kağızsızlaşma” kimi məsələlər geniş müzakirə olunub. Tədbirdə bir çox dövlət orqanlarının rəhbər heyətləri, bank və sığorta şirkətlərinin rəhbərləri, qeyri hökümət təşkilatları və assosiasiyaların nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda DDTECH şirkətinin rəhbəri Oral Başer şirkətinin artıq Azərbaycan bazarında da xidmət göstərəcəyini bildirib. Şirkət “DX Starts Here” sloqanı ilə fəaliyyət göstərir. DDTECH iş proseslərini rəqəmsal ortamlarda təşkil edir və “kağızsız proseslərlə” təbiətə fayda verir. DDTECH qurulduğu gündən etibarən məhsullarını qlobal bazarda ixrac etmək məqsədilə fəaliyyət göstərir. Sonda cənab Başer 2022-ci il üçün Azərbaycan bazarında nəzərdə tutduqları sloqanın “Türkiyənin DDTECH markası artıq Azərbaycanda!” olacağını bildirib.
“Your Personal Consultant” markasının həmtəsisçisi Camid Mövsümov bildirib ki, “bu proses xarici investorların ölkəyə axınının başlanğıcıdır. Artıq bir çox xarici təşkilatlar ölkələmizdə nümayəndəliklərini açır, ölkəmizə öz françayz markalarını verməkdə maraqlıdırlar. Təmsilçisi olduğum marka bazarda bu tipli fəaliyyətlərin təşkilində aktiv rol almağı hədəfləyir. Bazarımıza DDTECH formatlı təşkilatların daxil olması həm bazarın sürətli rəqəmsallaşmasına təkan olacaq, həm də ölkəmizdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaqdır”.