İnsan hüquqları müdafiəçisi Fikrət Zeynalov təqib olunur?
Azərbaycanın əsas insan hüquqları müdafiəçilərindən, “F.Z.” hüquq şirkətinin təsisçisi, vəkil Fikrət Zeynalov son zamanlar ictimai tədbirlərdə görünməməsi səbəbindən onun Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı ehtimal edilir.
Iqtisadchi.az saytının əldə etdiyi məlumata görə, son zamanlar azərbaycanlı insan hüquqları aktivistlərinin məhkəmə proseslərində sərt çıxışları ilə yadda qalan Fikrət Zeynalov bir müddətdir Yasamal Rayon Polis İdarəsinə mütəmadi olaraq çağırılmış və istintaqçılar tərəfindən dindirilmişdir. Məlumatlara görə, dindirilmə zamanı vəkil polis əməkdaşları tərəfindən təhqir edilmişdir.
Daxili İşlər Nazirliyi vəkil Fikrət Zeynalovun yenidən hüquq-mühafizə orqanlarına çağırılaraq təhqir edilməsini təkzib edir.
Qurumun mətbuat xidmətindən Orxan Mansurzadə deyib ki, vəkil “polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərdiyinə” görə o, İdarəyə dəvət edilib,
“..vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar”, deyən sözçü Zeyanlovun “hər hansı fiziki təzyiqə məruz qalmadığını” bildirib.
Vəkil Zeynalov isə deyir ki, cümə axşamı saat 6-7 radələrində təxminən ona yaxın xahiş tipli zəngdən sonra İstintaq şöbəsinin rəis müavini ilə görüşə gedib və “hədələnib”.
“Bunu ancaq quldurlar barədə filmlərdə görə bilərsiniz. Məni bir nəfər idmançı cüssəli birisi qarşıladı, sonra Ələsgərov gəldi və söyməyə, təhqir etməyə başladı”.
“Dedi ki, sən kimsən ki, nazirin adını çəkirsən. Əgər həyatın dəyərlidirsə, özünü yaxşı apar”.
O, başına gələnlər barədə Bakı Prokurorluğuna, Baş Prokurorluğun “qaynar xətt”inə, Avropa İnsan Hüquqları məhkəməsinə və ABŞ səfirliyinə məlumat verib.