Hikmət Zeynallı: “Ermənistanı iqtisadi vassala çevirmək lazımdır”
Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ordumuz və xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz tarixi torpaqlarını geri qaytardı. Ermənistan məğlubdur.
Düşmən sarsılıb və ciddi siyasi-iqtisadi böhran içərisindədir. Bəs, düşmənin yenidən üzərimizə gəlməməsi və yeni müharibənin başlanmaması üçün iqtisadi cəhətdən nə etmək lazımdır? Məsələni ekspert Hikmət Zeynallı şərh edir:
Hikmət Zeynallı: Tarixi qələbədən sonra dövlət və real sektor, o cümlədən Azərbaycan xalqının qarşısında bir sıra mühim hədəflər yaranıb. Bunlardan bəzilərini qeyd etmək istərdim:
- Qarabağın iqtisadi inkişafına tez bir zamanda nail olmaq.
Müdafiə Nazirliyinin yayınladığı kadrlarda və digər mənbələrdən əldə olunan məlumatlar onu göstərir ki, Qarabağ iqtisadi zonasında infrastruktur yararsız vəziyyətdədir. İnfrastrukturun bərpası xeyli vaxt aparacaq. Bu, məlum məsələdir. Regiona ciddi şəkildə investisiya olunmalıdır. Doğrudur Azərbaycan bu tip investisiya resurlarına malikdir. Amma layihələr yalnız dövlət deyil, paralel olaraq özəl şirkətlərin təşəbbüsü ilə də həyata keçirilməlidir. Ehtimal ki, bu layihələr çərçivəsində dövlət həmin investorlara vergi və mülkiyyət satqısı məsələlərində əhəmiyyətli güzəştlər edəcək. Gələcəkdə region üzrə tenderlərin sayı artacaq.
- Enerji strukturunun qurulması.
Enerjisiz tikinti və digər infrastruktur layihələr mümkünsüzdür. Səhv etmirəmsə hazırda işğaldan azad olunan rayonlarımızda enerji xəttləri tamamilə yararsızdır. Bundan öncə Ermənistan öz ərazisindən və ya yerli qeyri-qanuni layihələrlə insanların enerji ehtiyaclarını ödəyirdi. Məlum məsələdir ki, enerjiyə əsas təlabat Dağlıq Qarabağ zonasında, xüsusilə Xankəndi və Şuşada qeydə alınıb. Bu ərazilərdə enerji təchizatının hansı yolla aparıldığı ciddi araşdırılmalıdır. Fikirimcə hazırda həmin mənbə kifayət qədər köhnəlib və ərazidə yeni elektrik sistemləri qurulmalıdır. Real enerji təchizatının təmini burada 2 yolla aparıla bilər:
1. Mingəçevir SES-dən yeni xəttlərin çəkilməsi,
2. Yuxarı Qarabağ kanalı və Suqovuşan SES-in təchizatın təmini.
Lakin düşünürəm ki, burada ən yaxşı seçim yolu bərpa olunan enerji ehtiyatlarından istifadədir. Şuşada ən mümkün vasitə “Wind Power Blocks”, ətraf rayonlarımızda “Solar Power Panels”dir. Bu tip enerji təchizatı daha təmiz və daimidir.
- Maliyyə resursları ilə regionun təmini.
Fikirimcə, Mərkəzi Bank bu müstəvidə yeni strategiya müəyyənləşdirəcək. Belə ki, regiona məcburi köçkünlərin qaytarılmasından sonra burada şirkətlərin fəaliyyəti intensivləşəcək. Bunun üçün korporativ banklarımızın yerli filialları fəaliyyətə başlamalıdır. Bunun üçün ciddi şəkildə kadrlara ehtiyac yaranacaq. Azərbaycanda növbəti illər ərzində iş yerlərinin sayında kəskin artım baş verəcək.
- Ermənistanın iqtisadi vassala çevrilməsi.
Təbii ki, Qarabağın iqtisadi inkişafı ilə paralel Ermənistanın pozuculuq fəaliyyətinə də mane olmaq lazımdır. İnfrastruktur layihələrin icrasına ehtimal ki, qarşı tərəf müdaxilə etməyə başlayacaq. Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərlərinin imzaladığı bəyanata nəzər yetirəsi olsaq, regionda iqtisadi-infrastruktur münasibətlər bərpa olacaq. Bu o deməkdir ki, ticarət və alqı-satqı prosesləri gedəcək. Bu müstəvidə Ermənistan bazarına Azərbaycan korporasiyalarının inteqrasiyası olduqca mühim amildir. Belə ki, maliyyə resursları cəhətdən daha zəngin olan Azərbaycan şirkətlərinin Ermənistana inteqrasiyası onların bizim qarşımızda maliyyə cəlb etmək üçün daha çox öhdəlik götürməsinə səbəb olacaq. Əgər meydanda əsgərlərimiz onları məğlub etdisə, iqtisadi arenada bunu iri korporativlərimiz etməlidir. Ermənsitan valyutasına daha çox spekulyativ basqı etmək lazımdır. Mümkündür ki, daha çox təzyiq olarsa, bu zaman Ermənistan tərəfi iqtisadi risklərdən qaçınmaq üçün bizimlə aparacağı siyasətdə daha ehtiyatlı davranmalı olacaq. Gürcüstan təcrübəsində bunun dəfələrlə şahidi olmuşuq. Ən əsas məsələlərdən biriysə, Türkiyə şirkətlərinin də bu prosesə aktiv cəlb olunmasıdır. İqtisadi asılılığı dəyişmək çətin olur.