Hikmət Zeynallı: “Hər şey “transport” yollarından başlayacaq..”
Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya Prezident Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yeni bəyanat imzalandı.
Bəyanatda deyilirdi:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Bəyanat üzrə Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yeni iqtisadi münasibətlərin qurulması üçün müəyyən tədbirlər planının aparılması nəzərdə tutulur. Bu Azərbaycan üçün nə deməkdir və Ermənistanla iqtisadi münasibətlər hansı səviyyədə olacaq məsələni maliyyə bazarları üzrə ekspert Hikmət Zeynallı şərh edib.
- Bəyanatı qısaca necə şərh edərdiniz?
“Ümumiyyətlə, ilk növbədə Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinə son qoyulub. Bu münaqişə bizim üçün keçmişdə qaldı. Artıq gələcəyə baxmaq lazımdır. İqtisadiyyat isə gələcəkdə atılacaq düzgün addımları sevir və ondan bəhrələnir. Ermənistanla Azərbaycan daim bir-birinə qarşı blokada şəraitində qala bilməz. Bir yerdə bu blokada müəyyən razılıqla aradan qaldırılmalı idi. Rusiya və Türkiyənin birbaşa müdaxiləsi ilə tərəflər yeni danışıqlar formatına keçid edib. Bu, artıq iqtisadi danışıqlardır. Düzdür, ortada həll olunmalı bəzi məsələlər var. Amma ümumi müstəvidə əsas məsələlər artıq öz həllini tapır. Müharibə bir alət kimi Ermənsitanı uzun illərdir təklfi edilən şərtləri qəbul etməsinə səbəb oldu. Cənab prezidentin də qeyd etdiyi kimi, Ermənistan bütün şərtləri qəbul etməli oldu. Məhz bunun üçün müharibə labüd idi.
İndi isə keçək əsas sualmıza. Bəyanat əsas 1 hədəf üzrə imzalanıb. Regionda yeni iqtisadi və logistika münasibətlərinin qurulması üçün. Cənubi Qafqaz İran, Rusiya vəTürkiyə arasında bir dəhliz rolunu oynayır. Buna tam olaraq Şərq-Qərb dəhlizi deyə bilmərik. Çünki uzun illərdir Ermənistanla Azərbaycan arasında davam edən hərbi münaqişə digər ölkələrin regiondan dəhliz kimi istifadəsini çətinləşdirirdi. Hazırda bu məsələ öz həllini tapıb və zamanla iqtisadi sabitliyin bərpası, Çin, Türkiyə və Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazdakı logistika əməliyyatlarını artıracaq.”
2. Bəs bəyanat nə üçün lazım idi?
“Bəyanat bizim üçün yox, Ermənistan üçün lazımlıdır. Çünki böhran və blokada vəziyyətində olan onlardır. Rusiya özünə müttəfiq gördüyü bir dövləti daim maliyyəlişdirə və resursla təmin edə bilməz. Axı bu ölkə də tədricən öz ayaqları üzərində durmalıdır. Bu səbəbdən, rəsmi Kreml Ermənistanın iqtisadi və siyasi blokadadan çıxarılmasında maraqlıdır. Ona görə də, rəsmi Yerəvanın digər bütün tələblərini görməzdən gəlir və ona izah edir ki, əgər bu cür davam etsən, səni böhrandan xilas edə bilməyəcəm. Nikol Paşinyan bunu anlayır. Amma daxili faktorlar onu bu müstəvidə xeyli sıxışdırır. Həmçinin diasporanın təzyiqi də var. Rusiyanın Paşinyan hakimiyyətinə qarant olacağına inam, Ermənistan Baş nazirində ümid yaradır. Ona görə də bu tip bəyanatlarla Ermənistan blokadadan çıxmağa çalışır. Blokadadan çıxmaq isə, “yol”lardan başlanacaq.”
3. İqtisadi münasibətlərin gələcəyini necə görürsünüz?
“Qeyd etdiyim kimi, hər şey “transport” yolları ilə başlayacaq. Dəmiryolu, nəqliyyat, hava yolu və kimi vasitələr olamadan iqtisadi münasibətlər mümkün olmur. Ermənistana bu yollar hava və su kimi lazımdır. Rusiyaya çıxış lazımdır. Bu 2 cür mükün idi: 1. Gürcüstan, 2. Azərbaycan. Gürcüstanın hazırda Rusiya ilə siyasi və iqtisadi münasibətləri qənaətbəxş deyil. Rusiya Gürcüstan alternativindən imtina üçün Azərbaycanla Ermənistanı barışdırmalıdır və bunun üçün çalışır. Rəsmi Bakı və Ankara irəli sürdükləri tələblər icra olunacağı təqdirdə, iqtisadi münasibətlərin bərpasında maraqlı olduqlarını bildirirlər. Buna görə də, Ermənistanın artıq “tələb etmə” haqqı yoxdur. İqtisadi inkişaf üçün ambisiyalardan əl çəkmək lazımdır. Qarabağda acınacaqlı vəziyyətdə mövqe tutmaq nəyə lazımıdır? Regionun bərpası üçün resursları yoxdur. Bütün bərpa işlərinin hazırda Rusiya FHN həyata keçirir. Deməli, bu gün Rusiya sülhməramlılarının olduğu region da əvvəl-axır Azərbaycanın tam yurisdiksiyasına veriləcək.
İqtisadi münasibətlər də bununla paralel davam edəcək. Azərbaycan daxili istehsalı hesabına Ermənistan bazarına açılacaq və regionda tam hegemonluğunu təmin etmiş olacaq. Gürcüstan üzərində bu hegemonluq var. Amma Gürcüstan burada daha ehtiyatlı olmalıdır. Çünki Azərbaycan Ermənistanla iqtisadi münasibətləri daha da inkişaf etdirsə, Gürcüstandan tranzit ölkə kimi asılılığı minimuma enəcək. Azərbaycana tranzit xidmətlər göstərmək üçün Rəsmi Tibilisi və Yeravan arasında münaqişə başlayacaq.”