Ermənistan Goranboyda evləri, məktəbi, polis şöbəsini top atəşinə tutdu
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur.
08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstinad: Report.