Ermənistanda ərzaq böhranı başlayacaq… Məğlubiyyətin ilkin təməli!
“Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşir. Məlumatlara görə ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib”.
“Iqtisadchi.az” “Report”a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Baş analitiki Məsumə Talıbova bildirib.
Onun sözlərinə görə, əhalinin təlaşı və bununla əlaqədar olaraq müxtəlif mənbələrə ərzaq dəstəyi ilə bağlı müraciətlərin sayı artır: “Maraqlı məqam isə, sözügedən vəziyyətin sadəcə işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır. Bu isə Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan həm iqtisadi, həm sosial, həm siyasi və demək olar ki, bütün sahələrdə Azərbaycandan geri qalır. Düşmən sadəcə öz resurslarına və qüdrətinə görə qiymətləndirildikdə Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür. Təkcə ölkənin sosial vəziyyətinə nəzər salmaq xalqın bitkinliyini, müharibəyə hazır olmadığını anlamağa yetərli ola bilər. Belə ki, cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki dörddə birini (23.3 %) yoxsul əhali təşkil edir. Başqa sözlə, Ermənistan vətəndaşlarının hər 4 nəfərdən 1-i yoxsuldur. Əhalinin sağlamlığı və rifahı üçün önəmli göstərici olan qida təhlükəsizliyi də Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Belə ki, ölkənin 15.3% əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6% əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir”.
Ermənistanda ərzaq böhranı baş verərsə və ordu təchizatında səngimələr yaranarsa, bu zaman canlı qüvvənin döyüş qabilyyətinin azalması halları yaşanacaq. Analoji hallar daha çox II Dünya Müharibəsi dövründə və Yaxın Şərq regionunda terrorizmlə mübarizə zamanı baş verib.
Lakin aclıqdan daha ağır nəticələrə yol açan digər bir səbəb susuzluqdur. Aclıqla ordu müəyyən dərəcədə mübarizə apara bilsə də, susuzluqla bu, mümkün deyil. Bu səbəbdən Ermənistan ordusunun təmiz su təchizatı azaldığı təqdirdə ordumuz daha əlverişli mövqelər ələ keçirməyə müvəffəq olacaq.