Düzgün aparılmayan kadr siyasəti… Bürokratiyadan əl çəkməyənlər.

Bürokratiyadan niyə əl çəkmək olmur?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir. Bir çox qurumlar prezidentin çağırışlarına baxmayaraq ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmir. Sual yaranır. Bunun səbəbi nədir?

Səbəblər:

  • Ölkədə çalışdığı yer üzrə cəmiyyətin fərdə yüklədiyi dəyərin itirilməsi qorxusu;
  • Yüksək gəlir;
  • Əlverişli iş şəraiti.

Sadalananlar Azərbaycanda məmur təfəkkürünün illərdir davam edən büroktratik üsul idarəsinə nümunə ola bilər. Amma bu trend ölkənin əmək bazarına ciddi zərər vurur. Belə ki, hər il kəmiyyət etibarı ilə artan kadr sayı vakansiyalarda baş verməyən dəyişiklər səbəbi ilə effektivliyini itirir. Təbii ki, kəmiyyətin çoxluğu keyfiyyətin yüksəkliyi demək deyil. Amma yeni kadrlar arasında yüksək potensiallı və bilikli kadrların bürokratiyanın qurbanı olması əmək bazarımıza ciddi zərər vurur. Onlar alternativ iş yerlərinə müraciət edib, təcrübəli olduqları sahələrdən uzaqlaşırlar və ya şəxsi biznes sahəsinin yaradılmasına təşəbbüs edib rəqabətə davam gətirmirlər. Bu səbəblər ölkədə qeyri-leqal ticarətçilərin sayını da artırır (gəlir yeri olmayan gənclər ticarətə başlayır və vergidən yayınırlar). Kadrlara təklif edilən maaşın yüksək olmaması səbəbindən onların effektivliyi də azalır.

Kadr siyasətində diqqət edilməli olan, amma edilməyən bəzi faktorlar:

  • Karyera imkanlarının yaradılması;
  • Ortalama yaşam standartlarına cavab verən gəlir şəraitinin yaradılması (bonuslar, faiz və ya əlavə maaşların yazılması);
  • Korporativ mədəniyyət qaydalarına uyğun iş mühitinin qurulması;
  • İndividual yanaşma.

Təəssüf ki, ölkəmizdə məhdud sayda qurumlarda analoji faktorların hər birinə riaəyət olunur. Daha çox ixtisaslı və gəlir səviyyəsi  olan korporativlər bu trendə uyğun davranırlar. Amma hər bir fəal əhali siyahısında olan şəxs həmiş şirkətlərdə çalışmaq iqtidarında deyil. İstənilən halda kriteriyalara uyğun şəraitin bütün qurumlarda yeni kadrlar üçün qurulması vacib faktordur.

Səriştəsiz kadrların bir çox qurumlarda rəhbər vəzifə tutması onlara rəqib ola biləcək alternativ kadrları məhv etməsi ilə nəticələnir. Əksər hallarda isə onlar həmin işçiləri daha aşağı vəzifələrdə çalışdırıb, nəzarətdə saxlayaraq onlardan istifadə edirlər. Həmin işçilərin aşkara çıxarılması rəhbərlər üçün əsas itki və qorxu mənbəyi olaraq qalır.

Bürokratik üsul idarəsi davam etdiyi müddətdə Azərbaycanın əmək bazarında ciddi boşluqların olacağı güman edilir.

“iqtisadchi.az”la qalın!