Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılıb.
Dövlət Nəzarəti İnformasiya Sisteminin strukturu və funksiyaları açıqlanıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, informasiya sisteminə, “Tapşırıqlar”, “Layihələr”, “Monitorinq”, “Əsas Səmərəlilik Göstəriciləri”, “Saxlanc”, “Müraciətlər”, “Hesabatlar”, “Administrator” altsistemlər daxildir.
Altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
– “Tapşırıqlar” altsistemi vasitəsilə tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumatların, sənədlərin və həmin sənədlərə dair məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
– “Layihələr” altsistemi vasitəsilə iştirakçıların həyata keçirdikləri layihələr barədə tələb olunan məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, həmin məlumatlar əsasında layihələrin səmərəliliyinin qiymətləndirilməsi;
– “Monitorinq” altsistemi vasitəsilə dövlət nəzarəti qaydasında aparılan monitorinqlərin mövzularının formalaşdırılması, tələb olunan məlumatların, sənədlərin və ya onların surətlərinin İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
– “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi vasitəsilə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş əsas səmərəlilik göstəricilərinə uyğun olaraq İnformasiya sisteminə məlumatların daxil edilməsi və qiymətləndirilməsi;
– “Saxlanc” altsistemi vasitəsilə İnformasiya sisteminə daxil edilmiş məlumat və sənədlərin saxlanılması;
– “Müraciətlər” altsistemi vasitəsilə tapşırıqları icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının yerinə yetirməsi ilə bağlı daxil olan müraciətlərin qeydiyyatının aparılması;
– “Hesabatlar” altsistemi vasitəsilə sistemin bütün altsistemlərində emal olunan məlumatlar əsasında formalaşdırılan hesabatların alınması;
– “Administrator” altsistemi vasitəsilə operator tərəfindən iştirakçı məlumatları, iştirakçı imkanları, sistem parametrləri və digər məlumatların İnformasiya sisteminə daxil edilməsi və ya dəyişdirilməsi.
İnformasiya sistemindən istifadəyə dair texniki təlimat, habelə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi metodikası İnformasiya sisteminə yerləşdirilir. Dövlət Nəzarəti İnformasiya Sistemi ilə digər dövlət informasiya sistemi və ehtiyatları arasında qarşılıqlı əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.