Diplomatik korpus Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olurlar
Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olurlar.
Belə ki, 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər əraziyə baxış keçirirlər.
Onlara Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.