COVID 19 Səbəbindən büdcə gəlirlərində azalma var.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 593,1 mln. manat, büdcə xərcləri isə 9 046,3 mln. manat təşkil edib.
ARDNF-dən verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 235,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 mln. manat, bonus ödənişləri 767,8 mln. manat, akrhesabı ödənişləri 6,8 mln. manat, tranzit gəlirləri 15 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358 mln. manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 2 394,0 mln. manat təşkil edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in 2020-ci il büdcəsinin icrası çərçivəsində 8 852,5 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 mln. manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,4 mln. manat yönəldilib. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 14,9 mln. manat təşkil edib.
“2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 mln. ABŞ dolları) nisbətən 0,08% azalaraq 43 288,6 mln. dollara bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub”, – deyə ARDNF-dən bildirilib.