COVID-19-a yoluxma təhlükəsinə məruz qalmadan ünsiyyətə necə qayıtmalı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionuna daxil olan 30 ölkənin səhiyyə sistemlərinin yüksəkvəzifəli nümayəndələri növbəti forumda əhalinin COVID-19 pandemiyasından yorğunluğu problemini müzakirə ediblər.
Forum iştirakçıları insanların davranışında yaranmış son meylləri araşdırıb, bu sahədə innovasiya ideyalarını və müsbət təcrübəni mübadilə ediblər.
Avropa regionuna daxil olan 27 ölkədə aparılmış rəy sorğuları nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə insanlar müxtəlif dərəcədə yorğunluq hiss edirlər. Bəzi hallarda rəyi soruşulanların 60 faizə qədəri bunu etiraf edib. Ekspertlər insanların COVID-19-u nə dərəcədə təhlükəli hesab etdiklərini, özlərini bu virusdan necə qoruduqlarını və sosial ehtiyatlılıq tədbirlərinə nə dərəcədə riayət etdiklərinin araşdırıblar.
ÜST-nin Avropa Regional Bürosunun (ARB) direktoru doktor Hans Klyuqe COVID-19-a qarşı mübarizəni zəiflətmədən əhalini motivasiya etməyə imkan verən üç strategiya təklif edir.
Birincisi, vətəndaşların “nəbzini tutmalı”. Doktor Klyuqenin fikrincə, COVID-19-a qarşı mübarizə sahəsində hər bir siyasət təhsilə qayıdan məktəblilərdən və tələbələrdən başlamış izolyasiyada olan ahıllar evinin sakinlərinə qədər bütün insanların davranışı və emosional vəziyyəti barədə məlumatlara əsaslanmalıdır. Onun fikrincə, bu, daha təsirli tədbirlər işləyib hazırlamağa imkan verəcək.
ÜST-nn Avropa Regional Bürosunun rəhbəri hesab edir ki, epidemiyaya qarşı strategiyanın hazırlanması zamanı bu və ya digər məhdudiyyətlərə münasibətin arxasında dayanan mədəni amilləri nəzərə almaq lazımdır.
İkincisi, vətəndaşlar zəruri tədbirlər haqqında qərarlar qəbul olunmasına cəlb edilməlidir. Hans Kluqe əmindir ki, əhaliyə təkcə siyasətin obyekti kimi deyil, həm də onun resursu kimi baxmaq lazımdır.
Üçüncüsü, normal həyat ritmini saxlamaq üçün yeni təhlükəsiz üsullar axtarıb tapmaq lazımdır. ÜST Avropa Regional Bürosunun direktoru xatırladıb ki, bayramlar yaxınlaşır və hər kəs istər özünü, istərsə də ətrafdakı insanları yoluxma riskinə məruz qoymadan bu bayramları qeyd etməyin yeni üsullarını tapmalıdır. Doktor Klyuqe Ramazan bayramını nümunə göstərərək qeyd edib ki, builki Ramazan bayramında insanlar “məsafədən bayramlaşmaq” üsullarını tapıb, internet vasitəsilə əlaqə saxlayıblar.
Hans Klyuqe deyib: “Əgər bir hamımız kreativlik göstərsək, heç kəsi yoluxma infeksiyasına məruz qoymadan bayramları qeyd edə bilərik”.