Çavuşoğlu: “Atəşkəslə bağlı prosesləri bundan sonra da Azərbaycanla birgə dəyərləndirəcəyik”
“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”.
Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri bildirib.
Nazir deyib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində Rusiya, ABŞ və Fransanın müdaxiləsilə 3 dəfə atəşkəs elan edilməsinə çalışılsa da, hər dəfə bu, Ermənistan tərəfindən pozulub.
M.Çavuşoğlu atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümidli olduğunu bildirib: “Belə olan halda biz Ermənistanla əlaqələrimizi normallaşdıracağıq. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik. Ermənistanla sərhədlərin açılması son dərəcə bu ölkənin xeyirinə olacaq. Çünki Ermənistan öz daxilində təcrid olunmuş vəziyyətdə qalıb”.