BP “Şahdəniz”də hasilatın genişləndirilməsinə hazırlaşır
Bu ilin I rübündə BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində (“Şahdəniz-2”) yatağın dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub.
BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur.
Məlumata görə, ilin I rübündə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərini bitirib və SDF04 quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 17-sini tamamlayıb – yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində üç quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu, şimal cinahda bir quyu, şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.