BP D230 bloku üzrə seysmik məlumatların emalını yekunlaşdırıb

Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda həyata keçirilmiş 3 ölçülü seysmik tədqiqat proqramı reallaşdırılması çərçivəsində alınan məlumatların emalı prosesi başa çatıb.

Bu barədə BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabatda xəbər verilir.

Məlumata əsasən, D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatdı.

“Oktyabr ayında emal procesi tam başa çatdırıldı və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır”, – hesabatda qeyd edilir.

Hesabata əsasən, seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *