BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində humanitar fəaliyyətə 2 milyon dollar ayırıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən xəbərə görə, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq: “Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik”.
Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.
Bu günə kimi, BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti dövlət qurumları ilə birgə münaqişədən zərər çəkmiş bölgələrdə bir neçə ilkin ehtiyacların qiymətləndirməsi missiyasını həyata keçirib və aşağıdakı sahələrdə dəstək göstərib:
Səhiyyə: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondu, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan ailələrə fərdi qoruyucu vasitələr və təcili yardım dəstləri çatdırıb, həmçinin COVID-19 və münaqişəyə görə 60 tibb müəssisəsindəki gərgin iş yükünə baxmayaraq, ilkin səhiyyə xidmətlərinin davam etdirilməsini dəstəkləyib.
Sığınacaq və əsas dəstək ləvazimatı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, çadırlar və yorğan-döşək dəstləri daxil olmaqla qeyri-ərzaq mallarını almaq üçün 1,5 milyon ABŞ dolları ayırıb və hazırda nağd ianələr üçün 400 min ABŞ dolları toplayır.
Psixoloji-sosial dəstək: Müvəqqəti köçkün olan 40 000 insanın əksəriyyəti, xüsusilə uşaqlar, hədsiz stress və narahatlıq keçirib. Tibb işçilərinin ciddi çatışmazlığı və münaqişə bölgələrində psixoloqların olmamasını nəzərə alaraq, ÜST və UNİCEF xəstəxana və məktəblərdə mental sağlamlıq xidmətlərini dəstəkləmək üçün müvafiq təlimlər keçirir.
Ərazilərin minalardan təmizlənməsi: Münaqişədən zərər çəkmiş bəzi rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə missiyası həyata keçirib. Hazırda BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində Hökumətlə birgə fəaliyyət göstərirlər.
BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və ərazidə yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib.