Beynəlxalq Enerji Agentliyi cari il üzrə təbii qaz tələbatına dair proqnozunu artırıb
Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci il üzrə qlobal təbii qaz tələbatına dair proqnozunu artırıb. Lakin tələbat yenə də 2019-cu ildəki göstəricidən az olacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, cari ildə təbii qaza olan tələbat 2019-cu illə müqayisədə 3,3 faiz və ya 120 milyard kubmetr azalaraq 3 trilyon 886 milyard kubmetr təşkil edəcək.
Agentlik iyun ayında yayımladığı hesabatda tələbatın bu il 2019-cu ilə nisbətən 150 milyard kubmetr azalacağını bildirmişdi.
IEA-nın icraçı direktoru Fatih Birol deyib ki, qlobal qaz tələbatı iyun ayından bəri xüsusilə inkişaf etməkdə olan bazarlarda yaxşılaşır.