Azərbaycanda koronavirusun yeni ştammının aşkarlanması üçün araşdırmalar xaricdəki metodlar əsasında aparılacaq
Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi – sekvenləşdirilməsi ilə müəyyənləşdirilir.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, “Sars COV-2” virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir: “Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur. Araşdırmaların xaricdə tətbiq olunan metodlara əsaslanaraq icra olunması planlanmaqdadır. Mövcud ədəbiyyata əsasən, ölkə xaricində də bu araşdırmaların eyni metodlarla icra olunduğu məlumdur”.
Xatırladaq ki, koronavirusun (COVID-19) Britaniya, Cənubi Afrika Respublikası və Yaponiyada mutasiya olunmuş növləri aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mutasiya olunmuş növlərinin artıq 50-dək ölkəyə yayıldığını açıqlayıb.
İstinad: APA