Azərbaycanda faydalı qazıntı yataqları hərracla istifadəyə veriləcək

İlk dəfə olaraq Azərbaycanda faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olunub. Məqsəd bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.

“İlkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları yenidən qiymətləndirildikdən sonra həmin yataqların da qanunvericiliyə əsasən hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır”, – nazirlikdən bildirilib.

Hərracın şərtləri, istifadəyə veriləcək faydalı qazıntı yataqları barədə ətraflı məlumat əvvəlcədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) yerləşdiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *