Azərbaycan qazını hidrogenə çevirəcək layihənin dəyəri açıqlanıb
Yunanıstanın bir sıra iri enerji şirkətlərinin iştirak etdiyi konsorsium genişmiqyaslı “White Dragon” (“Ağ Əjdaha”) hidrogen layihəsinə yatıracaqları vəsaitin həcmini açıqlayıb.
Bu barədə Yunanıstan mətbuatında yazılan məlumata istinadən xəbər verilir.
Bildirilir ki, “Motor Oil Hellas SA”, “Terna Energy SA”, həmçinin Xəzər dənizin Azərbaycan sektorunda hasil edilən təbii qazı boru xətti ilə Avropa ölkələrinə nəql edilməsi üçün yaradılan “Trans Adriatic Pipeline AG” konsorsiumu “Ağ Əjdaha” layihəsində iştirak edirlər.
Belə ki, ekoloji təmiz hidrogenin əldə edilməsi üçün quraşdırılacaq qurğu “Ağ Əjdaha” layihəsi 8 milyard avroya başa gələcək.
Xatırladaq ki, layihə Avropa və Yunanistan səlahiyyətliləri tərəfindən təsdiqlənərsə, 2022-ci ildə araşdırma planlamasından 2029-cu ilə qədər son layihələndirmə mərhələlərinə keçəcək.
Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər kömürlə işləyən enerji istehsalının bir hissəsini qaz stansiyaları ilə əvəz etmək niyyətindədir. Bu səbəbdən də ölkə də qaz anbarları tutumu yaratmaq istəyir. Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması və Bolqarıstanla potensial qaz bağlantısı ilə ölkənin regional qaz təchizatı mərkəzinə çevrilməsi də planlaşdırılır.
“White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik Boru Kəməri ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.