Azərbaycan Prezidenti: “Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalını rəsmən soyqırımı kimi tanısın”
“Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib: “Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır. Gəncə şəhərinə, Tərtər, Bərdə və digər şəhərlərə. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq”.