Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dəyəri 5 dəfə azalıb
Bu ilin I rübündə Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bunun 1,5 milyard dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 0,7 milyard dolları isə Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi xidmətlərin dəyəridir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1% azalaraq 818,2 milyon dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 680,2 milyon dollar (7,2% çox), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 138 milyon dollar (28,2% az) təşkil edib.
Qarşılıqlı xidmət dövriyyəsinin 39,2%-i nəqliyyat sahəsi üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 872,7 milyon dollar olan nəqliyyat xidmətlərinin 62%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 540,9 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 331,8 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 39,6% artıb, idxalı isə 14,1% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin I rübündə 91,7 milyon dollar olan kəsir 2021-ci ilin I rübündə 209,1 milyon dollar qalıqla əvəzlənib.
Hesabat dövründə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110,8 milyon dollar təşkil edib. Turizm xidmətləri üzrə idxalın (84,7 milyon dollar) ixracı (26,1 milyon dollar) üstələməsi nəticəsində 58,6 milyon dollarlıq kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8,4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4,4 dəfə azalıb.
Rüb ərzində xarici ölkələrin Azərbaycan rezidentlərinə göstərdiyi turizm xidmətlərinin dəyəri 84,7 milyon dollar olub ki, bunun da 91,7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3,2 dəfə azalaraq 1,7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 22,9% artaraq 172,5 milyon dollar olub.