Azərbaycanda ötən il ən çox qəza törədən avtomobil modelləri açıqlanıb
2020-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödəniş alan zərərçəkənlər arasında ən çox (2 187 şəxs) “Mercedes-Benz” avtomobillərinin sahibləri olub.
AVSMMİS üzrə zərərçəkən qismində sığorta alan şəxslərin ən çox sürdüyü ikinci avtomobil “Lada” olub (1 604 şəxs). Üçüncü və dördüncü yerləri “Hyundai” (860) və “Toyota” sürücüləri (860) bölüşür, beşinci pillədə isə “Opel” markalı avtomobillərin sürücüləri olub.
Zərər vuran qismində AVSMMİS sığortalananlara gəldikdə, ötən il ən çox zərər vuranlar “Lada” və “Mercedes-Benz” avtomobillərinin sürücüləri olub. Belə ki, sözügedən markaların sahibləri müvafiq olaraq 3 829-u və 3 771-i zərər vuran kimi sığorta alıb. Bu siyahıda üçüncü yerdə “Hyundai” (1 494), dördüncü yerdə “Opel” (932), beşinci isə “Toyota”nın (901) sürücüləri olub.
Qeyd edək ki, təqsirkar sürücülərin 17 927-si kişi, 822-si isə qadın olub.