Azərbaycan vətəndaşlarının çoxu növbəti dəfə devalvasiya olacağına inanmır
Azərbaycan vətəndaşlarının 31,5%-i əlindəki vəsaiti manatda saxlayır.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi telefon sorğusu nəticəsində məlum olub.
Sorğu 1 073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində bir neçə mövzu üzrə keçirilib. Sorğuda əminlik intervalı 95%, xəta marjası 3% təşkil edib.
Beləliklə, məlum olub ki, Şəki-Zaqatala (42,9%) və Dağlıq Şirvanda (36,1%) manat formasında əlavə vəsaiti saxlayanlar digər bölgələrə nisbətən daha geniş yayılıb. 18-25 yaş qrupunda olanların və aylıq gəliri 1 000 manatdan yuxarı olanların manat formasında əlavə vəsaiti saxlama ehtimalı daha yüksəkdir.
Maraqlıdır ki, seçmənin daha çox hissəsi (61,7%) ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib. Respondentlərin bu mənada seçdiyi ikinci valyuta isə ABŞ dolları (31,5%) olub. Dağlıq Şirvan (57,8%) və Quba-Xaçmaz (52,6%) yeganə iqtisadi bölgələrdir ki, burada respondentlərin daha çox hissəsi dollara üstünlük verir. Dollara meyllilik yaş artdıqca azalır. Aylıq gəliri 500-1000 manat aralığında olanların 53,2%-i ehtiyatda vəsait olduğu halda onu manat formasında saxlayacağını deyib ki, bu da digər müvafiq qruplardan daha yüksəkdir. Özəl sektorda çalışanların 36,3%-i dollara üstünlük verir ki, bu da digər müvafiq qruplardan daha çoxdur.
Qarşıdakı dövrlərdə manatın məzənnəsi ilə bağlı respondentlərin 10,9%-nin heç bir gözləntisi olmadığı halda, daha böyük sayda iştirakçı (58,7%) manatın məzənnəsinin sabit qalacağını hesab edir. Devalvasiya ehtimalının yüksək olduğunu 17,6% düşünür. Təhsil səviyyəsi artdıqca devalvasiya ehtimalını yüksək dəyərləndirənlərin də sayı artır. Şəki-Zaqatala (47,1%), Gəncə-Qazax (21%) və Abşeronda (21%) devalvasiya gözləntiləri daha geniş yayılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) hazırki valyuta (kurs) siyasətini respondentlərin üçdə bir hissəsi (45,3%) bu və yaxud digər dərəcədə yaxşı dəyərləndirib. 21,3% əks mövqedən çıxış edib. Seçmənin əhəmiyyətli hissəsi isə AMB-nin hazırki valyuta (kurs) siyasəti barədə ya məlumatsız olduğunu deyib (21,6%), yaxud məlumatlı olduğu halda cavab verməkdə çətinlik çəkib (11,9%). Adıçəkilən fəaliyyətə dair ən mənfi və müsbət rəy müvafiq olaraq aylıq gəliri 0-250 manat aralığında və 1 000 manatdan yüksək olan respondentlər üzrə müşahidə edilib. Özəl sektor və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar məşğuliyyət qrupları arasında AMB-nin hazırki valyuta (kurs) siyasətindən ən çox razı qalan qruplardır.