Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan layihə MM-də müzakirə olunacaq

Azərbaycan vətəndaşlarının üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq  Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər. Bir ölkənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən digər ölkə vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasportla müraciət etməlidir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *