“Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirib”
“Düşmənin Şuşa istiqamətində mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd edən qüvvələri və Xankəndi istiqamətində hərəkət edən qoşqulu yük avtomobili zərbə pilotsuz uçuş aparatları ilə məhv edilib”.
Bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
O qeyd edib ki, ağır itkilər verən düşmən bir neçə istiqamətdə geri çəkilməyə məcbur edilib, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanın 23 kəndi işğaldan azad edilib: “Düşmən ictimai fikri öz uğursuzluqlarından və işğal altında olan ərazilərimizdə törətdiyi hərbi cinayətlərdən yayındırmaq məqsədilə müxtəlif dezinformasiyalar yayır. Azərbaycan Ordusu beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq yalnız düşmənin hərbi təyinatlı obyektlərini hədəfə alır. Mənəvi-psixoloji və maddi-texniki vəziyyəti yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir. Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımızdan və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzarətdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!”