Azərbaycanda qənaət edilmiş bütün büdcə vəsaitləri Ehtiyat Fonduna yönəldiləcək
Azərbaycanda dövlət büdcəsinin qənaət edilmiş bütün vəsaitlərinin büdcənin ehtiyat fonduna yönəldilməsi təklif olunur.
Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu məsələ Palatanın rəy və təhlillərində dəfələrlə şərh edilməklə, birdəfəlik təyinatlı xərclər anlayışının, istifadə istiqamətlərinin, limitlərin müəyyən edilməsi təklif edilib. Qənaət edilmiş bütün büdcə vəsaitlərinin ehtiyat fonduna yönəldilməsi büdcənin etibarlılığı, şəffaflığı və hesabatlılığı baxımından məqbul deyil. Belə ki, hazırda xərclərin icra vəziyyətinə birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaət məbləğlərinin yerdəyişməsi təsir göstərirsə, dəyişiklik qəbul edildiyi təqdirdə bütün xərclər üzrə qənaət məbləğləri Ehtiyat Fonduna yönəldilə biləcək ki, bu icra prosesində parlamentdən kənar dəyişiklik məbləğlərinin artımına və təsdiq edilmiş dövlət büdcəsinin parametrləri ilə müqayisədə əhəmiyyətli kənarlaşmalara səbəb ola bilər.