Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni binasının açılışı və 28 may – Müstəqillik Günü münasibətilə Pekində rəsmi qəbul keçirilmişdir.

Cari ilin 27 may tarixində Pekin şəhərində 28 may – Müstəqillik Günü  və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni binasının açılışı münasibətilə rəsmi qəbul keçirilmişdir.

“Iqtisadchi.az”a daxil olan xəbərə görə, səfirliyin Qarabağ zalında təşkil edilmiş təntənəli mərasimdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni binasının qarşısında Azərbaycan Dövlət Bayrağının himnimizin sədaları altında qaldırılması ilə başlamışdır.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Nazir öz çıxışında Azərbaycan Respulikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni binasının açılış mərasiminin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində, eləcə də Azərbaycan xalqı üçün əlamətdar bir tarix olan 28 May – Müstəqillik Günü ərəfəsində təşkil edilməsinin məmnunluq doğurduğunu və xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulamışdır.

Nazir Ceyhun Bayramov ölkəmizin Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmiş, iki ölkə arasındakı münasibətləri dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoqun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

Dövlət Başçıları səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoqun ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, humanitar, mədəni, nəqliyyat-logistika və digər sahələrində ciddi nailiyyətlər əldə edilməsinə imkan yaratdığını və bu prosesin möhkəm özülü rolunu oynadığını, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini və bir-birilərinin milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək verdiklərini vurğulayan nazir Ceyhun Bayramov, Azərbaycan və Çinin əməkdaşlığın genişləndirilməsi üçün “Bir Kəmər, Bir Yol” təşəbbüsünün yaratdığı  imkanlardan istifadə etdiyini, COVİD-19 pandemiyasına qarşı mübarizədə bir-birlərinə dəstək göstərməklə xalqlarımız arasındakı dostluğun möhkəmliyini və sarsılmazlığını nümayiş etdirdiklərini də fikirlərinə əlavə etmişdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla işğal altındakı torpaqlarını azad etməklə, öz ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən nazir, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dost Çin Xalq Respublikasının şirkətlərinin də fəal iştirakından məmnunluğunu diqqətə çatdırmışdır. 

Nitqinin sonunda nazir Ceyhun Bayramov Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının ölkəmizin xaricdəki ən böyük və möhtəşəm Səfirlik binalarından biri olduğunu, öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçildiyini qeyd edərək, bu binanın ölkəmizin Çinlə münasibətlərinə verdiyi önəmin və əlaqələrimizin daha da genişlənməsinə olan marağının təcəssümü olduğunu vurğulamışdır.

Daha sonra Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü və xarici işlər naziri Van İnin təbrik məktubu Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey tərəfindən səsləndirilmişdir.

Məktubda nazir Van İ Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni binasının açılışı münasibətilə təbriklərini çatdırmışdır. O, diplomatik münasibətlərin qurulduğu 30 il ərzində beynəlxalq aləmdəki vəziyyətdən asılı olmayaraq, Çin-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və səmimi əməkdaşlıq ruhuna uyğun olaraq hər zaman sağlam və davamlı məcrada inkişaf etdiyini bildirmişdir. Sədr Si Cinpinin və Prezident İlham Əliyevin strateji rəhbərlikləri altında iki ölkə arasında qarşılıqlı siyasi etimadın daima möhkəmləndiyi, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın uğurla davam etdiyi, mədəni-humanitar əlaqələrin məhsuldar nəticələr verdiyi, bütün bunların isə beynəlxalq arenada iki ölkə arasında birgə əməkdaşlığı dərinləşdirdiyi vurğulanmışdır. Keçən ilin iyun ayında Dövlət Başçıları arasında təşkil edilmiş ilk telefon danışığının nəticəsi olaraq, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi kimi vacib məqsədin qarşıya qoyulduğu qeyd edilmiş, Çin tərəfinin yüksək səviyyədə əldə edilmiş razılaşmaların Azərbaycandan olan tərəfdaşlarla birlikdə həyata keçirilməsinə, ənənəvi dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə, bununla da Çin və Azərbaycan arasındakı münasibətlərin daha yüksək və davamlı inkişaf mərhələsinə çıxarılmasına hazır olduğu bildirilmişdir.

Məktubda, Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi kimi əhəmiyyətli tarixdə baş tutmasının ikitərəfli əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bir daha təsdiqlədiyi qeyd olunmuş, bu gün açılan Səfirlik binasının sahəsinə görə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri arasında ön sırada yerləşdiyi, özündə həm Azərbaycanın, həm də Çinin milli elementlərini cəmləşdirdiyi, təkcə öz gözəl xarici görünüşünə görə deyil, həm də müasir çoxfunksional infrastrukturu ilə də seçildiyi əlavə edilmişdir. Əldə olunmuş uğurları əsas götürərək, Azərbaycanın Çindəki Səfirliyinin bundan sonra da iki ölkə arasındakı  dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi naminə çalışacağı və iki ölkənin xalqlarının yaxınlaşmasına dəstək verəcəyi vurğulanmış, azərbaycanlı dostlarla birlikdə Çin və Azərbaycan arasındakı münasibətləri yeni zirvələrə qaldırmaq üçün Çin tərəfinin öz növbəsində Səfirliyin işinə dəstək və köməklik göstərməyə davam edəcəyi vurğulanmışdır.

Tədbirdə həmçinin Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey çıxış etmiş, son illər ərzində Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini, siyasi sabitliyin bərqərar olduğunu və xalqın rifahının durmadan artdığını, iqtisadiyyat, təhsil, səhiyyə və mədəni irsin qorunması sahələrində ciddi nailiyyətlər əldə etdiyini diqqətə çatdıraraq, Çin tərəfinin bu nəticələrə sevindiyini vurğulamışdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili ərzində əldə edilmiş nailiyyətlərdən danışan Li Huey, hər iki ölkənin Dövlət Başçılarının iradəsi və əldə etdikləri razılaşmalara müvafiq olaraq, Çin-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağından və əlaqələrimizin genişləndirilməsi üçün daha geniş perspektivlərin açılacağından əminliyini ifadə etmişdir.

Tədbirdə çıxış edən səfir Əkrəm Zeynallı 30 il ərzində Azərbaycan və Çin arasındakı inkişaf etməkdə olan münasibətlərin hazırki vəziyyəti barədə məlumat vermiş, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin tikintisi ilə bağlı həyata keçirilmiş fəaliyyətə qısa nəzər salmış, yeni bina kompleksini 30 il ərzində durmadan davamlı şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın uğurlu nəticəsi və onun gələcək inkişafına olan inancın ifadəsi kimi qiymətləndirmiş, həmçinin bu Səfirlik kompleksinin Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında sürətlə inkişaf edən yeni və müasir Azərbaycanın təcəssümü olduğunu vurğulamışdır. Səfir binanın tikilməsi və istifadəyə verilməsində göstərdikləri dəstəyə görə ÇXR Xarici İşlər Nazirliyinə və digər əlaqədar qurumlara, eləcə də  Səfirlik binasını layihələndirən “Hongshi design” şirkətinə və inşaatı həyata keçirmiş “Beijing Urban Construction Sixth Bureau” şirkətinə təşəkkürünü bildirmişdir.

Daha sonra tədbir “Aixi” kvartetinin ifasında klassik musiqi konserti və rəsmi ziyafətlə davam etmişdir. Tədbir iştirakçılarına Səfirliyin yeni binasının açılışı mərasiminiə və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş suvenirlər hədiyyə edilmişdir.  

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni bina kompleksi Azərbaycanın xaricdəki ən böyük və möhtəşəm Səfirlik binalarından biridir.  5000 kvadrat metrdən çox sahəsi olan, 5-i üst və 2-si zirzəmi qatı olmaqla 7 mərtəbədən ibarət yeni Səfirlik binası öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilir.  Pekinin “qızıl rayonu” hesab edilən Lianmaçiao ərazisində yerləşən kompleksdə konsulluq xidmətlərinin həyata keçirilməsi, eləcə də “Bazar günü məktəbi”nin fəaliyyət göstərməsi üçün əlavə inzibati bina da tikilmişdir. Bina kompleksinin interyerində Azərbaycanın milli ornamentlərindən geniş istifadə edilmiş, əsas giriş hissəsində divarda müasir incəsənət üslubu ilə Ümummilli Lider Heydər Əliyevin portreti və söylədiyi “Müstəqilliyiz əbədidir, daimidir, dönməzdir” aforizmi həkk edilmişdir. Naxçıvan konfrans zalı, 200 nəfərlik Qarabağ qəbul zalı, Bakı, Şuşa, Gəncə, Şirvan kimi görüş otaqları ən müasir texnologiyalarla təchiz edilmiş, həmin bölgə və şəhərlərə xas elementlərlə zənginləşdirilmişdir. Binadakı Heydər Əliyev sərgi zalında Ümummili Liderin büstü qoyulmuş, onun həyat və fəaliyyətindən bəhs edən guşə yaradılmış, Ulu Öndərin Çinə səfərindən, eləcə də xarici ölkə rəhbərləri ilə görüşlərindən fotoşəkillər yerləşdirilmişdir. Sərgi zalında həmçinin Azərbaycanın mədəni irsinə aid misgərlik nümunələri, Qobustan qaya rəsmlərinin imitasiyaları, zərgərlik məmulatları, xalçalar, musiqi alətləri, şəbəkələr və milli paltarlar nümunələri nümayiş etdirilir və interaktiv LED ekran vasitəsilə ölkəmizin mədəniyyətinə dair məlumatlar verilir. Səfirliyimizin bilavasitə qonşuluğunda ABŞ, Fransa, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya, Bruney, Sinqapur və sair ölkələrin Çindəki Səfirlikləri də yerləşir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *