Azərbaycan növbəti 4 ildə qaz hasilatını artıracaq
Azərbaycan 2024-cü ildə qaz hasilatını 49 209 min kubmetrə çatdıracaq. Bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 22,68% çoxdur.
Bu barədə büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə istinadən xəbər verir.
Məlumata görə, gələn il ölkədə 40 112,3 min kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır. 2022-ci ildə bu göstəricinin 44 423 min kubmetr, 2023-cü ildə isə 47 889 min kubmetr olacağı ehtimal olunur.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 33 348,7 min kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 3,6% çoxdur. 2019-ci ildə ölkədə 35 600 min kubmetr qaz istehsal edilib.
Onu da qeyd etmək lazımdır ki, ölkədə əmtəəlik qazın istehsalında da kəskin artım gözlənilir. Belə ki, 2024-cü ildə Azərbaycanda hasil edilən qazın 37 380 min kubmetri əmtəəlik “mavi yanacağın” payına düşəcək, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 25,46% çoxdur.
Məlumata görə, 2021-ci ildə Azərbaycanda 29 795,1 min kubmetr, 2022-ci ildə 33 848 min kubmetr, 2023-cü ildə isə 36 606 min kubmetr əmtəəlik qaz istehsal ediləcəyi proqnozlaşdırılır.