Avqustda Azərbaycanda sutkalıq neft hasilatı 669,1 min barrel olub
Azərbaycan avqustda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
Iqtisadchi.az AZƏRTAC-a istinadla bildirir ki, bu ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli” (AÇG), 124,2 min barreli isə SOCAR (Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə hasil edilib.
“OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.