TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb
Bu ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 7,59 milyardkubmetr həcmində “mavi yanacaq” ötürülüb.
Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 27,09 milyardkubmetr qaz nəql edilib. Bunun 1,37 milyardkubmetri Bolqarıstana, 2,85 milyardkubmetri Yunanıstana, 22,65 milyardkubmetri isə İtaliyaya göndərilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacaq” Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.