Rezo Həsənov: “Biz koordinasiyalı şəkildə çalışmalıyıq”

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Naxçıvan şəhərində təşkil etdiyi “Diaspora Gənclərinin IV Yay Düşərgəsi”nə dünyanın 50 ölkəsindən 120-ə yaxın həmvətənlimiz qatılmış, Azərbaycanın tarixi diyarlarından olan Naxçıvanla tanış olmuş, dini və tarixi abidələrimizi ziyarət emtiş, bir sıra panel müzakirələrdə iştirak etmişlər.

Düşərgəyə Gürcüstandan qatılan, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin direktoru Rezo Həsənov “Iqtisadchi.az” saytına müsahibə vermiş, suallarımızı cavablandırmışdır.

Müsahibəni təqdim edirik:

Rezo Həsənov: Gürcüstanın Bolnisi rayonundan qatılıram. Artıq 2 ilə yaxındır “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə çalışıram. Təşkilatın həm təsisçisi, həm də icraçı direktoruyam. Bunda əlavə, gəlməyimiz çox xoşdur, dünyanın müxtəlif ölkələrindən qatılan həmvətənlilərimlə söhbət etməkdən, fikir mübadiləsi aparmaqdan məmnunam.

  • Bilirsiniz ki, Azərbaycanda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi xatirəsinə 2023-cüil “Heydər Əliyev ili” elan edilmişdir. Təşkil edilmiş düşərgədə Ümumilli liderlə bağlı panel müzakirələr keçirilmişdir. Ümumilikdə panel müzakirələri necə dəyərləndirirsiniz?

Rezo Həsənov: Məhz bu səbəbdən biz hazırda Ümummilli liderin doğulduğu yerdə – Naxçıvandayıq. Məhz buna görə, bu düşərgə digərlərindən daha üstün olacaq. İştirakçıların əksəriyyəti bu fikirdədir. Əlbətdə ki, panel iclaslar çox maraqlıdır. Ulu öndərin həyat yolu, onunla bağlı müxtəlif hekayələr bizdə böyük maraq doğurur. Heydər Əliyevin xarici siyasəti, uzaqgörənliyi, Azərbaycanın bu günü üçün atdığı addımlar bizdə ruh yüksəkliyi yaradır. İştirakçılardan bəziləri bu məlumatları bilmirdisə də, artıq hər kəs dahi şəxsiyyətin atdığı addımlar barədə məlumatlıdır.

  • Diaspor fəaliyyəti çox məsuliyyətli işdir. Siz özünüz də bu çətin vəzifənin altına girərək Bolnisidə yaşayan soydaşlarımıza dəstək olmağa, onları bir araya gətirməyə çalışırsınız. Çətinlikləriniz nələrdir? Gürcüstan azərbaycanlılarının əsas problemləri haqda nələri  qeyd edə bilərsiniz?

Rezo Həsənov: Diaspor Komitəsi Gürcüstanda Tbilisi, Marneuıi, Dmanisi, Qardabani və bu kimi azərbaycanlıların yaşadığı ərazilərdə bir çox layihələri dəstəkləyir. İl ərzində onlarla layihəyə maddi yardım ayrılır, mənəvi dəstək göstərilir. Diaspor fəaliyyətinin özünəməxsus müsbət və mənfi cəhətləri var. Müsbət cəhətlər ondan ibarətdir ki, biz Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası və hüquqi biliklərinin artırılması üçün çalışırıq. Nəticələr artıq görünür və bu, bizi çox sevindirir. Amma çətinliklər də olur. Əsas çətinlik odur ki, obyektiv və subyektiv səbəblərə görə orada olan təşkilatlarımız birgə hərəkət edə bilmir. Diaspora fəaliyyəti koordinasiyalı şəkildə həyata keçirilməlidir. Dünyanın bütün ölkələrində belə çətinliklər olur. Pərakəndə fəaliyyət yaxşı nəticələr vermir. Əlaqəli şəkildə çalışdıqda isə, ortaya daha yüksək keyfiyyətli iş çıxarmaq mümkündür.

  • Necə düşünürsünüz hazırda koordinasiya cəhətdən əsasən hansı problemlərlə qarşılaşılır?

Rezo Həsənov: Komitənin Gürcüstanda keçirdiyi tədbir və görüşlərə yerli gənclər böyük həvəslə qatılır. Bunun əsas səbəbi qurumun göstərdiyi maddi dəstəklə bağlı deyil. Hər bir azərbaycanlı gəncin daxilində vətən, Azərbaycan sevgisi var. Ölkəmizlə bağlı bütün xoş xəbərlər bizi sevindirir. Diaspor fəaliyyətinin əsas işlərindən biri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Şübhəsiz ki, bu həqiqətləri gənc nəsil bilməli və təbliğ etməlidir. Gənclərin koordinasiyalı şəkildə görüşlərə qatılması vacib haldır. Biz Gürcüstan vətəndaşıyıq, amma mənəvi vətənimiz Azərbaycandır.

  • Gürcüstanda hazırda icmamız qarşısında durən əsas çətinlik hansıdır? Gənclərimizin karyera imkanlarını necə dəyərləndirirsiniz?

Rezo Həsənov: Gürcüstanda azərbaycanlılardan ibarət böyük bir icma vardır. Onların qarşılarında əsas maneə gürcü dilini bilməmələridir. Gürcüstanda QHT sektorunda fəaliyyət göstərmək üçün böyük imkanlar mövcuddur. Sadəcə gənclərimizdə maraq nisbətən azdır. Bu səbəbdən cəmiyyət daxilində onların həvəsləndirilməsi üçün daha çox işləməli və çalışmalıyıq. Hər kəs təmsil etdiyi icmanın inkişafı üçün əlindən gələni etməlidir. Problemin həlli üçün sadəcə danışmaq deyil, hərəkət etmək də lazımdır.

  • Minnətdarıq Rezo bəy vaxt ayırdığınız üçün. Sizinlə söhbət etmək çox xoş oldu.

Rezo Həsənov: Mən təşəkkür edirəm. Minnətdaram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *