Prezident İlham Əliyev: Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilib
Bu gün bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilib.
Bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxışında bildirib.
Bu hərbi hissədə müharibədən bir il əvvəl olduğunu, xüsusi təyinatlılarla görüşdüyünü xatırladan dövlətimizin başçısı deyib: “Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq”.
Azərbaycan Prezidenti qeyd edib ki, biz tarixi ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik.
“Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.