ARDNF AÇG-dən gəlirlərini 7 %-dək artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2 milyard 354,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 148,1 milyon ABŞ dolları və ya 6,7 % çoxdur.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 151 milyard 759 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin 6 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlirin həcmi 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.