“Bakı Telefon Rabitəsi” əməkdaşlarının əmək haqlarını 18 % artırdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib. Nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18 % artırılıb.
Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.
Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.
Eyni zamanda “Baktelecom” tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, 1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.
Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.