Tələbə adını qazanan övladlarımız 4 il sonra iş tapa bilcəkmi? Valideynlər harada səhv edir?
“Iqtisadchı.az”ın keçirdiyi sorğuya əsasən, Azərbaycanda tələbələrin 58.9%-i universiteti bitirdikdən sonra öz ixtisaslarına uyğun iş tapa bilmirlər və alternativ iş yerlərində çalışmağa başlayırlar. Belə ki, universitetə daxil olduqdan sonra psixoloji cəhətdən həyat sınaqlarının bitdiyini düşünən fərdlər, yalnız diplom almağı hədəfləyirlər. Ekspertlər bunun əsas səbəbini tələbələrdə “sovet” dönəmində olduğu kimi diplomla iş tapa biləcəkləri ideyasının yaranması ilə əlaqələndirir. Sual yaranır. Bəs universitetə qəbul olan tələbələrin 4 il sonra ixtisasına uyğun iş tapa biləcəkmi?
Müşahidə və sorğu nəticələrinə əsasən, hazırda bir qisim tələbə ixtisasına uyğun iş tapa bilmir.
Səbəblər:
1. Bazar tələbləri.
Belə ki, iqtisadi sferada baş verən dəyişikliklər, ölkə xaricindəki trendlər və xarici universitetlərdə təhsil almış daha ixtisaslı tələbələrimizin yeni biznes mühitində təmsil olunmaları yerli dövlət universitetlərinin bir çox ixtisaslarında təhsil alan tələbələrimizin rəqabət səviyyəsini azaldır. Belə ki, son bir neçə il ərzində iqtisadi inkişaf nəticəsində şirkətlərin qazanc səviyyəsini çoxaltmaq istəməsi yeni vakansiyalar və iş yerləri yaradıb (data anlyst, financial manager, financial analyst, marketer, proqramçı, layihə meneceri və s.). Yerli dövlət universitetlərində isə təəssüf ki, bu tip ixtisaslar tədris olunmadığından tələbələr də bazar tələbləri ilə uzlaşa bilmir.
2. Tələbənin ixtisasına biganəliyi.
Bazar tələbləri dəyişsə də, hər bir sfera üzrə təhsil və bilikləri yüksək səviyyədə olan tələbələrimizin vakansiya qazanmaq şansı daha yuxarı olur. Bu səbəbdən öz ixtisasında peşəkar olan və daha çox çalışan tələbələr ixtisasları üzrə qaneedici iş yerində çalışa bilirlər. Amma kəmiyyət araşdırmaları onu göstərir ki, bu, göstərici 3/10, yəni, hər 10 tələbədən 3-ü üçün keçərlidir.
3. Valideyn himayəsi.
Tələbə universitetə qəbul olduqdan sonra, gələcək karyera həyatını valideynlərinin dəstəyi ilə həyata keçirəcəyini düşünür. Psixoloqların fikirincə, bu, onlarda rahatlıq və ya xalq dili ilə desək “arxeyinlik” hissini gücləndirir. Hər bir çətinlikdə valideyn himayəsini hiss edən gənc artıq həyatın növbəti mərhələlərində qarşılaşdığı problemlərlə mübarizə apara bilmir və ona rəqib olan daha uğurlu gənclərə məğlub olmağa başlayır. Bu tip hallarda fərd bazar tələblərini düzgün analiz edə bilmədiyinə görə, valideyn himayəsindən məhrum olduqdan sonra maliyyə çətinlikləri ilə qarşılaşır.
Səbəblər daha çox olsa da, “Iqtisadchi.az” olaraq araşdırmalarımız nəticəsində müşahidə edilən ən əsas səbəbləri qeyd etdik.
Nəticə:
Nəticə etibarı ilə, təhsilin ilkin mərhələsinə qədəm qoyan gənclərə valideynlərinin düzgün yol göstərməsi vacib faktorlardandır. Belə ki, universiteti bitirdikdən sonra iş yeri tapa bilməyən gənclər məcburən əlavə xərc tələb etməyə başlayır. Bu isə, ailələrin büdcə xərclərinin formalaşdırılmasında problem yaradır. Bir çox valideyn bunu problem olaraq qəbul etməsə də, zamanla onların effektivliyinin azalması övladlarının cəmiyyətin iqtisadi tələblərinə inteqrasiyasını kəskin azaldır.
Övladının bazar tələblərini düzgün analiz etməsinə nəzarət etmək valideynlərin əsas vəzifələrindəndir!
“Iqtisadchi.az”la qalın!