Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bayağı mahnıların ifaçıları ilə bağlı tədbir görəcək
“Mən çox təəssüf edirəm ki, xüsusilə son vaxtlar bayağı mahnıların təqdim olunmasına rast gəlirik və bayağı mahnıları ifa edən ifaçılarla qarşılaşırıq”.
Bunu açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
“Biz düşünürük ki, həm Milli Televiziya və Radio Şurası, həm də televiziya rəhbərləri ilə görüşlərimizdə bu mahnıların müəlliflərinin və ifaçılarının efirə dəvət olunmamasını vurğulayaq. Çünki onların mahnı zövqünün olmadığı kimi ifa tərzlərində də qüsurları mövcuddur. Bununla yanaşı, onların verilişlərdə özlərini aparmaq səviyyəsində də qüsurlar var və zövqləri də yoxdur. Buna görə də onlar tamaşaçının, dinləyicinin və xüsusilə gələcək nəsillərin formalaşmasında mənfi rol oynaya bilər. Beləliklə, onların çox arzuolunmaz faydası ola bilər. Ona görə də MTRŞ-nin əlaqədar rəsmi nümayəndələri və televiziya rəhbərləri düşünməlidir ki, dəvət olunan hər bir kəs özü ilə bərabər bizim mənəvi dəyərlərimizi də təbliğ etsinlər. İstər ifaçı olsun, istərsə də sənətkar olsun – bunların hər birinin görünüşü, zövqü, ifa tərzi tamaşaçıya nümunə olmalıdır. Bu məsələ çox ciddi şəkildə nəzərə alınmalıdır”, – o əlavə edib.
İstinad: Report.