Akar ona söz verən Azərbaycan Ordusunun şəhid hərbçisinin ailəsinə məktub göndərib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsinə məktub göndərib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məktub Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən V. Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailə üzvlərinə çatdırılıb.
“Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük müharibədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan azad edəcəyinə dair verdiyi sözü tutdu, Qubadlı rayonunda yaşayış məntəqələrindən birinin azad edilməsindən sonra şəhadət məqamına ucaldı. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, – deyə H. Akar məktubunda bildirib.
Nazir məktubunda qeyd edib ki, Türkiyə bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacaq.
H. Akar Məmiyevlər ailəsini Türkiyəyə dəvət edib.
Məmiyevlər ailəsi məktuba görə H. Akara təşəkkür edib.
Qeyd edək ki, V. Məmiyev Türkiyə-Azərbaycan hərbi təlimlərində göstərdiyi yüksək bacarığa görə mükafat alıb. O, H. Akara “torpaqlarımızı azad edəcəyik” sözünü verib.
1 / 2